Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən mənəvi dəyərləri təbliğ edən şəxslər qismində din xadimlərinə göstərilən maddi dəstəyin artırılması məqsədilə Fondun Himayəçilik Şurasının iclası keçirilib.
Fonddan "Unikal"a verilən məlumata görə, Şura ölkədə bütün sahələrdə əməkhaqları və digər müavinətlərdə olan artımı rəhbər tutaraq, rəsmi təyinatı olan din xadimlərinə göstərilən maddi dəstəyin məbləğinin 20 % artırılması haqqında qərar qəbul edib.
Belə ki, rəsmi təyinat almış din xadimlərinə göstərilən maddi dəstək müvafiq olaraq imamlar üçün 630 manatdan 756 manata, imam müavinləri üçün 490 manatdan 588 manata, mütəvəllilər üçün 350 manatdan 420 manata qaldırılıb. Qərara əsasən artım cari ilin yanvar, fevral və mart aylarına da şamil edilməklə din xadimlərinin bank hesablarına köçürülməyə başlanılıb.