Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Memarlıq, inşaat elminə və tədrisin inkişafına yardım Xeyriyyə Fondu “Qarabağın tarixi-memarlıq irsi” mövzusunda seminar keçirib.
"Unikal" xəbər verir ki, tədbiri açıq elan edən Fondun icraçı direktoru Orxan Naqdiyev əvvəlcə fondun tarixi, fəaliyyət istiqamətləri, bu günə qədər həyata keçirdiyi layihələr barədə seminar iştirakçılarına ümumi məlumat verib. Sonra o, hazırda fond tərəfindən QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə icra olunan “Qarabağ bölgəsinin tarixi-memarlıq abidələrinin təbliği məqsədi ilə gənc memar tələbələr arasında maarifləndirmə tədbirlərinin təşkili” layihəsinin məqsədi, əhəmiyyəti və görüləcək işlərdən danışıb.
Seminarın iştirakçısı, AzMİU-nun kafedra müdiri, professor Nurməmməd Məmmədov Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının coğrafi, iqtisadi, ekoloji əhəmiyyətini vurğulayıb. Professor həmin ərazilərdə icrasına başlanılan genişmiqyaslı bərpa, abadlıq və yenidənqurma işləri, qurulan yeni infrastruktur barədə gənclərə ətraflı məlumat verib, bu layihələrin bölgənin inkişafına verəcəyi töhfələri xüsusi qeyd edib.
AzMİU-nun kafedra müdiri, professor, Əməkdar memar Səbinə Hacıyeva isə çıxışında Qarabağ bölgəsində yerləşən tarixi-memarlıq abidələrinin tarixinə, həmin abidələrin işğala qədərki vəziyyətinə nəzər salıb. Kafedra müdiri gənclərin diqqətini 30 illik işğal müddətində memarlıq irsimizin ermənilər tərəfindən dağıntılara və ya saxtalaşdırma cəhdlərinə məruz qalması faktlarına çəkib.
Seminarın sonunda iştirakçılara mövzu ilə bağlı layihə çərçivəsində çap edilmiş bukletlər və seminar materialları təqdim edilib.
Məlumat üçün qeyd edək ki, Memarlıq, inşaat elminə və tədrisin inkişafına yardım Xeyriyyə Fondunun Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə icra etdiyi “Qarabağ bölgəsinin tarixi-memarlıq abidələrinin təbliği məqsədi ilə gənc memar tələbələr arasında maarifləndirmə tədbirlərinin təşkili” layihəsinin əsas məqsədi gənc memar tələbələrin Qarabağ bölgəsinin tarixi-memarlıq abidələri haqqında daha çox məlumatlandırılması, onların qorunub saxlanması, gələcək nəsillərə ötürülməsində gənclərin məsuliyyətinin artırılması və bu abidələrin beynəlxalq aləmdə təbliğinə xidmət edən maarifləndirmə tədbirlərinin təşkilidir. Bu məqsədə nail olmaq üçün layihədə ən əvvəl gənclərin bu bölgənin tarixi-memarlıq abidələri haqqında bilgilərini artırmaq üçün 2 saatlıq seminarlar təşkil olunacaq. Eyni zamanda bu bölgənin tarixi-memarlıq abidələri haqqında geniş məlumat və bu tarixi abidələrin milli-mənəvi dəyərlərin formalaşmasında rolu, milli mədəni irsimizin qorunub saxlanmasında və gələcək nəsillərə ötürülməsində gənclərin məsuliyyəti kimi məsələləri özündə əks etdirən 1500 nüsxə bukletin çap edilərək paylanılması təşkil ediləcək. Sonra isə “Qarabağ bölgəsinin tarixi abidələrini tanıyaq və onu təbliğ edək” devizi altında Ağdam və Şuşa səhərlərinə səyahətlər təşkil ediləcək. Səyahətdən sonra bu tarixi abidələrimizi öz gözləri ilə görmüş gənc memar tələbələr çəkdikləri foto şəkilləri, videoları sosial şəbəkələrdə yaymaqla geniş dünya ictimaiyyətini məlumatlandıracaq və maarifləndirmə kampaniyasını həyata keçirəcəklər. Sonda təşkil olunmuş komissiya tərəfindən qiymətləndirilməklə 1, 2 və 3-cü yerin qalibləri müəyyən ediləcək. Qalib olan gənc memar tələbələr qiymətli mükafatlar, qalan iştirakçılar isə fəxri fərmanlarla təltif olunacaq.