Aprel ayının 14-də millət vəkili Novruz Aslanov İsmayıllı rayon seçiciləri ilə videoformatda növbəti qəbulunu keçirib.
"Unikal" xəbər verir ki, deputatın İsmayıllı şəhərində yerləşən ofisinə gələn seçicilər birbaşa əlaqə üçün yaradılan şəraitdən məmnunluqlarını bildirmiş və millət vəkilinə təşəkkür etmişlər. Belə qəbullarda iştirak edən seçicilər fərdi qaydada deputatla ünsiyyətdə olurlar. Onların hər biri qeydiyyata alınır və qaldırdığı məsələlər ətrafında müzakirələr aparılır. Qəbulda seçiciləri maraqlandıran məsələlər xüsusilə sosial yönümlü olub. Şəxsi məişət problemləri barədə də deputata müraciətlər edilib.
Bəzi məsələlərin həlli üçün müəyyən zaman tələb olunur. Bir neçə məsələ ilə bağlı deputat öz tövsiyələrini verib. Müvafiq hökumət qurumlarına aid olan məsələlər barədə həmin qurumlara müvafiq müraciətin ediləcəyi sakinlərin diqqətinə çatdırılıb.
Ehtiyacı olan ailələrə müvafiq humanitar yardımların edilməsi üçün millət vəkili öz tapşırıqlarını verib. Həmin ailələrə ərzaq yardımının edilməsi nəzərdə tutulub.