Cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə cənab Prezident İlham Əliyev ötən dövr ərzində görülmüş işləri təhlil edərək qarşıda dayanan vəzifələr və görüləcək işlərlə əlaqədar konkret tapşırıqlar verdi. Ölkə başçısı həm giriş nitqində, həm də yekun nitqində ölkədə hər bir sahə ilə bağlı məsələlələrə toxundu. Müşavirədə azad edilmiş ərazilərdə həyata keçirilən layihələr, bu günə qədər görülmüş işlər və gələcəkdə görüləcək işlərlə bağlı məsələlər xüsusilə müzakirə obyekti oldu. Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət və düzgün strategiya nəticəsində ölkə iqtisadiyyatı davamlı olaraq inkişaf edir ki, bu da Azərbaycanın maliyyə imkanlarını genişləndirir. Maliyyə imkanlarımız isə azad edilmiş ərazilərin bərpasına şərait yaradır. Azərbaycan heç bir xarici ölkə və ya təşkilatdan heç bir maliyyə dəstəyi almadan, öz gücü hesabına Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq işlərini həyata keçirir.
Azad edilmiş ərazilərdə ilk növbədə həyata keçirilən əsas işlərdən biri də məhz elektrik təsərrüfatının yaradılmasıdır. Bu istiqamətdə isə bu vaxta qədər kifayət qədər böyük işlər görülmüşdür. Belə ki, azad edilmiş torpaqlarda keçən il 20 meqavat gücündə 4 Su Elektrik Stansiyası inşa edilmişdir. Onlardan ikisi Suqovuşanda, biri Laçın rayonunun Güləbird kəndində, biri isə Kəlbəcər rayonunda Lev çayı üzərində yerləşir. Həmçinin keçən il azad edilmiş torpaqlarda inşa edilmiş elektrik yarımstansiyalarının sayı 9 ədəd olmuşdur ki, bu da çox böyük göstəricidir. Bundan əlavə, ən çətin relyefə malik olan Daşkəsəndən, Kəlbəcər dağlarından keçməklə Kəlbəcərə elektrik xətləri çəkilmişdir.
Azad edilmiş ərazilərdə bu il də elektrik təchizatı ilə bağlı işlər davam etdiriləcək və il ərzində ümumi gücü 27 meqavata bərabər olacaq beş stansiya “Azərenerji” tərəfindən bərpa ediləcəkdir. Cənab Prezident İlham Əliyev müşavirədə həmçinin bildirdi ki, hazırda müəyyən xarici şirkətlər Kəlbəcər və Laçın rayonlarında külək elektrik stansiyalarının tikintisi ilə bağlı müraciətlər edirlər. Bu isə o deməkdir ki, burada mənfəət vardır. Bunun üçün də ölkə başçısı qeyd etdi ki, xarici şirkətlərlə bərabər bu işlərə yerli şirkətləri də cəlb edilməlidir. Cəbrayıl, Zəngilan rayonlarında Günəş Elektrik stansiyalarının potensialının həddindən artıq böyük olduğunu vurğulayan cənab Prezident İlham Əliyev Cəbrayılda Günəş Elektrik Stansiyasının tikintisi ilə əlaqədar “BP” şirkəti ilə danışıqların getdiyini açıqladı. 240 meqavat gücündə olan “Xudafərin” və “Qız qalası” Su Elektrik stansiyalarının tikintisi ilə bağlı işlərin də sürətləndirilməli olduğu müşavirədə cənab Prezident tərəfindən qeyd edildi.
Təkcə azad edilmiş torpaqlarda bərpaolunan stansiyaların 9 min meqavatdan çox potensialı var. Məhz bu səbəbdən də Azərbaycan dünyanın aparıcı xarici şirkətlərindən çoxlu təkliflər alır. Hazırda Azərbaycanın qonşu ölkələrlə elektrik xətləri mövcuddur və ixrac imkanlarının genişlənməsi həmin xarici şirkətlərlə işbirliyini dövlət üçün maraqlı edir. Həm ölkə üzrə, həm də Xəzər dənizini nəzərə almaq şərti ilə çox unikal bir potensial olması səbəbindən Zəngilandan İran üzərindən Naxçıvana və oradan yenə də İranın enerji sisteminə və Türkiyəyə elektrik xətlərin çəkilişi də dövlətimiz üçün gündəlikdə duran məsələlərdəndir. Bununla əlaqədar olaraq ölkəmizlə İran arasında memorandum imzalanmışdır ki, həmin sənəddə elektrik xətlərinin çəkilişi ilə yanaşı iki ölkə arasında körpülərin və dəmir yolu körpülərinin tikintisi də nəzərdə tutulur.
Müşavirədə Zəngəzur dəhlizinin açılmalı olduğunu bir daha bəyan edən ölkə başçısı Zəngəzur üzərindən həm dəmir yolu, həm avtomobil yolu məsələsi ilə bağlı aprelin 6-da Brüsseldə geniş fikir mübadiləsi aparıldığnı bildirdi. Azərbaycan tərəfi nəqliyyat infrastrukturu ilə bağlı olan bütün planları vaxtı-vaxtında yerinə yetirir. Zəngəzur dəhlizinin tərkib hissəsi olan 100 kilometrlik Horadiz-Ağbənd dəmir yolunun 60 kilometri artıq hazırdır. 10 noyabr Bəyannaməsində açıq-aşkar yazılıb ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqə olmalıdır və bu, Ermənistanın öhdəliyidir. Zəngəzur dəhlizi haqqında danışarkən cənab Prezident bildirdi ki, Ermənistan Azərbaycanın planlarını əngəlləyə bilməz. Əgər Ermənistan Zəngəzur üzərindən Azərbaycana keçid verməsə, itirən tərəf özü olacaq. İlk növbədə isə Ermənistan 10 noyabr Bəyannaməsini pozmuş olacaq. Əgər bu ölkə öz öhdəliyini yerinə yetirmək istəmirsə, onda Azərbaycan da hər hansı bir öhdəliyin yerinə yetirilməsi ilə bağlı heç bir məsuliyyət daşımayacaq.
Cənab Prezident İlham Əliyev müşavirə zamanı azad edilmiş ərazilərdə həyata keçirilən infrastruktur layihələri haqqında fikir bildirərək gələn il Bərdə-Ağdam dəmir yolunun istifadəyə veriləcəyini qeyd etdi. Ölkə başçısının tapşırığına əsasən Ağdamda və Füzulidə dəmir yolları, dəmir yolu vağzalları, Zəngilan və Laçında isə Beynəlxalq Hava Limanları inşa edilərək istifadəyə veriləcəkdir. Zəngilan Beynəlxalq Hava Limanının bu il, Laçın Beynəlxalq Hava Limanının isə 2024-cü ildə istifadəyə verilməsi nəzrdə tutulur.
Müşavirədə Naftalanın beynəlxalq turizm mərkəzi olduğunu qeyd edən cənab Prezident Naftalana çox yaxın ərazidə yerləşən Suqovuşanın da turizm potensialının yüksək olduğunu bildirdi. Ölkə başçısı Naftalanı Suqovuşanla birləşdirəcək Naftalandan Talış kəndinə qədər yolların cari ildə tam istismara verilməsi tapşırığını da verdi. Ümumiyyətlə, azad edilmiş ərazilərdə ilkin mərhələdə həyata keçirilən əsas layihələrdən biri yol infrastrukturunun qurulmasıdır. Təkcə keçən il tarixdə heç vaxt yollar olmayan ərazilərdə 700 kilometrə yaxın yollar çəkilib. Azad edilmiş ərazilərdə bu il də bir sıra mühüm əhəmiyyətli yolların istifadəyə verilməsi planlaşdırılır.
Ölkə başçısı Şuşanın bərpası ilə bağlı danışarkən şəhərin içməli su layihəsinin bu il tam istifadəyə veriləcəyini bildirdi. Artıq Şuşada bəzi tarixi abidələr bərpa edilib, bəziləri də bərpa edilir. Heydər Əliyev Fondu tərəfindən 3 məscid əsaslı şəkildə bərpa edilir, eyni zamanda, yeni məscidin inşası yaxın aylarda başlanacaq. Gələn ay Şuşada “Xarıbülbül” festivalı yenidən keçiriləcək. Keçən il Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu festivalda Azərbaycanda yaşayan xalqlar öz istedadını nümayiş etdirmişlər. Bu dəfə isə eyni zamanda, dünyanın müxtəlif ölkələrindən folklor kollektivləri festivalda iştirak etmək üçün dəvət ediliblər.
Cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə cənab Prezident İlham Əliyev ölkənin ərazq təhlükəsizliyi mövzusunda danışarkən suvarma təsərrüfatının inkişafı istiqamətində müəyyən göstərişlər verdi. Çünki suvarma işləri həm azad edilmiş torpaqlar üçün, həm bütün ölkə üçün ərzaq təhlükəsizliyini şərtləndirən əsas amillərdən biridir. Kəlbəcər, Laçın, Qubadlı zonasından həm suvarma suyu, həm də içməli suyun öz axarı ilə gəlib Ağdama, Bərdəyə və digər yerlərə çata bilmə imkanlarının nəzərə alınması ilə müəyyən layihələrin icra edilməsi tapşırığını verən cənab Prezident həmin ərazilərin ölkənin ümumi suvarma sisteminə inteqrasiya edilməli olduğunu qeyd etdi. Uuzun illər Ermənistanın Azərbaycana qarşı ekoloji terror törətdiyinə diqqət çəkən ölkə başçısı bununla bağlı bir neçə il əvvəl Avropa Şurası Parlament Assambleyasında xüsusi məruzənin hazırlanaraq qəbul edildiyini bildirdi. Bununla da cənab Prezident qeyd etdi ki, Azərbaycan vətəndaşları ermənilərin 30 illik cinayətlərin fəsadlarını unutmamalı, dünya isə bu həqiqətləri bilməlidir.
Əlişah Rəcəbov
YAP Ağdaş rayon təşkilatının sədri