Azərbaycanda ilk dəfə Qobustan Heyvandarlıq Nümayiş Kompleksində Qarabağ cins atlarının auksion vasitəsilə satışı həyata keçirilib.
"Unikal" xəbər verir ki, auksionda yerli təsərrüfat sahibləri, sahibkarlar və fermerlər iştirak ediblər. Hərraca yüksək potensiala malik xüsusi seçilmiş Qarabağ atları çıxarılıb. Auksion dövründə iştirakçılara Qarabağ atları haqqında canlı və interaktiv məlumatlar verilib.
Müddət və iştirakçı potensialını nəzərə alaraq ilkin mərhələdə auksiona 3 Qarabağ atı çıxarılıb. Adları “Sultan”, “Sahil” və “Zilaxar” olan bu atlar şəcərəsi, cıdır qabiliyyəti, xarici görünüşü və digər xüsusiyyətlərinə görə xüsusi olaraq seçilib. Atlardan “Sultan” (2018, atası “Sərəyin”, anası “Sürməli”), “Sahil" (2018-ci il, atası “Sərəyin”, anası “Sədəqə”) və "Zilaxar"ın (2017-ci il, atası “Ulduz”, anası “Sürməli”) ilkin satış qiymətləri müəyyənləşib.
Auskionda “Sultan”ın start qiyməti 30 min manat, "Sahil"in start qiyməti 5 min manat, "Zilaxar"ın start qiyməti isə 7 min manat elan edilib. Satış auksion formatına uyğun olaraq həyata keçirilib. “Sahil" atı 5500 manat, "Zilaxar" atı isə 7500 manata öz alıcılarını tapıb. Atların satış qiyməti auksionda alıcıların verdiyi son hərrac qiymətinə uyğun rəsmiləşdirilib və sığorta şirkəti tərəfindən sığortalanıb.
Növbəti mərhələdə Ağdam Atçılıq Zavodunda yetişdirlən “Kəndir”, “Şaban” və “Segah” adlı atlar auksiona çıxarılacaq.
Məlumat üçün bildirək ki, Qarabağ atları yüksək qaçış sürəti ilə seçilir. Bu atların əsas yeriş forması çaparaq yerişdir, yerişi geniş və cəld, bütün hərəkətləri çevikdir. Qarabağ atı hündür, çevik, hərəkəti səlis, bədən quruluşu möhkəmdir. Minik atıdır. Alın və burun sümükləri yaxşı inkişaf edib, gözləri qabarıqdır. Boynu orta uzunluqda, hətta bir qədər də gödək və hündür duruşludur. Qarabağ atı daha dözümlüdür və yemə qarşı tələbkar deyil.
Gələcəkdə Qobustan Heyvandarlıq Nümayiş Kompleksində yeri və xarici cins damazlıq heyvanların satışı davam etdiriləcək. Satışların təşkilində məqsəd fermerlərin cins heyvanlara əlçatanlığına nail olunması, yerli damazlıq təsərrüfatların yetişdirdiyi heyvanların satışını stimullaşdırmaqla onların inkişafına təkan vermək, ölkədə heyvanların cins tərkibinin yaxşılaşdırılmasına nail olmaq, damazlıq təsərrüfatlar arasında koordinasiya yaratmaqdır. Kompleksin daxilində heyvan satışını həyata keçirən lizinq şirkətləri, heyvanların sığortalanması üçün sığorta şirkətləri fəaliyyət göstərir. Bu müasir kompleks heyvan alqı-satqısı zamanı bütün prosesləri fermerlər üçün daha əlçatan edir. Belə ki, bütün alqı-satqı, sığorta, lizinq, güzəşt tətbiqi prosesləri vahid mərkəzdə həyata keçirilməklə, xidmətlərin operativliyi və şəffaflığı təmin olunur.