Azərbaycanın xəstəxanalarına 69 yeni həkim təyin olunub.
Səhiyyə Nazirliyindən "Unikal"a verilən məlumata görə, nazirlikdə bu ilin fevral ayında aparılmış yekun attestasiyadan müvəffəqiyyətlə keçərək rezidentura təhsilini bitirmiş həkim-mütəxəssislərin təyinatı Səhiyyə Nazirliyinin Kollegiyasının 13 oktyabr 2014-cü il tarixli Qərarı ilə təsdiq olunmuş “Rezidenturanı bitirən həkim-mütəxəssislərin iş yerlərinə göndərilməsi Qaydaları”na uyğun olaraq həyata keçirilib.
Pediatriya, nevrologiya, kardiologiya, stomatologiya, onkologiya, oftalmologiya, revmatologiya və digər ixtisaslar üzrə 69 həkim-mütəxəssis təyinatda iştirak edib. Həkim-mütəxəssislər təyinat zamanı onlara təklif olunan həkim vəzifələri üzrə mövcud vakant yerlərdən seçim etmiş və onlara iş yerlərinə göndəriş verilib.
Qeyd edək ki, həkim-mütəxəssislər göndərişlə işə qəbul olunduqları tarixdən etibarən 3 il müddətində həmin tibb müəssisəsələrində işləməlidirlər.