Abşeron Rayon İcra Hakimiyyətinin mətbu orqanı “Abşeron” qəzeti redaksiyasının və Azərbaycan Yazıçılar Birliyi Abşeron bölməsinin birgə təşkilatçılığı ilə 15 aprel Beynəlxalq Mədəniyyət Günü münasibəti ilə Xırdalan şəhər Heydər Əliyev Mərkəzində tədbir keçirilib.
"Unikal" xəbər verir ki, tədbirdə Abşeron Rayon İcra Hakimiyyəti başçısının içtimai-siyasi və humanitar məsələlər üzrə müavini Gülnar Rəhimova, Azərbaycan Yazıçılar Birliyinin yaradıcılıq məsələləri üzrə katibi şair, yazıçı, dramaturq İlqar Fəhmi, mədəniyyət işçiləri, şairlər, yaradıçı məktəblilər iştirak edib.
“Abşeron” qəzetinin baş redaktoru, AYB Abşeron Bölməsinin sədri yazıçı-publisist Şəhla Ağbulud tədbiri açaraq Azərbaycanın qədim tarixindən, ədəbiyyatından, mədəniyyətindən danışıb və qeyd edib ki, bir ildən artıqdır Azərbaycan xalqı bayramları, əlamətdar günləri ruh yüksəkliyi ilə qeyd edir. Buna görə biz Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə, Milli Ordumuza, qazilərimizə və şəhidlərimizə minnətdarıq.
Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova tədbir iştirakçılarını Beynəlxalq Mədəniyyət Günü münasibəti ilə təbrik edərək vurğulayıb ki, Azərbaycan qədim tarixə və mədəniyyətə malik bir ölkədir. Düşmənlərimiz 30 il işğal müddətində tarixi abidələrimizi, milli mədəniyyət nümunələrimizi dağıdıb. Lakin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə hazırda böyük quruculuq, bərpa və abadlıq işləri həyata keçirilir.
Azərbaycan Yazıçılar Birliyinin katibi şair, yazıçı, dramaturq İlqar Fəhmi ölkəmizdə şairlərə, sənət adamlarına diqqət və qayğının göstərildiyini qeyd edərək bildirib ki, Azərbaycan bu gün malik olduğu zəngin irslə beynəlxalq aləmdə məşhurdur. Həmçinin ölkəmiz dünyada ən böyük mədəniyyət təşkilatı olan YUNESKO ilə sıx əməkdaşlıq edir. Mədəniyyətimiz bu qurum vasitəsi ilə dünyada təbliğ olunur. Mədəni irsimizin dünyada tanınmasında UNESKO-nun xoşməramlı səfiri, Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın böyük xidmətləri var.
AMEA-nın əməkdaşı, dosent Seyranə Kasimi, Azərbaycan televiziyasının redaktoru Avdı Qoşqar, şair Qadir Süstlü, Abşeron Rayon Heydər Əliyev Muzeyinin direktoru Tükəzban Həsənova, Abşeron Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Cəmilə Kərimova və başqaları Abşeronun tarixi və mədəniyyəti barədə danışıblar.
Dövlət Musiqili Komediya Teatrının aktyoru, Əməkdar artist, Preziden mükafatçısı Nadir Xasıyev, Xalq artisti Şükufə Musayeva, “Xəzri” xalq çalğı alətləri ansamblının bədii rəhbəri Təyyar Mirzəyev, “O səs Türkiyə” yarışmasının finalçısı İlham Əsgəroğlu, xanəndə Qəhrəman Qəmbərov, Fatmai klubunun dorektoru Afət Nəbiyeva və istedadlı şagirdlər öz ifaları ilə tədbirə xüsusi rəng qatıblar.