Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda “Badam ağacının yetişdirilməsi” kitabı təqdim olunub.
"Unikal" xəbər verir ki, kitab badam istehsalı ilə məşğul olan iş adamları, aqrar sahə mütəxəssisləri, tələbələr və elmi-tədqiqat işçiləri, eyni zamanda, bu sahə ilə maraqlanan insanlar üçün nəzərdə tutulub.
Kitabda ispan tədqiqatçılar Antonio Yose Filip, Xavier Rius Qarsiya, Mariya Yose Rubio-Kabetasın badam bitkisinin becərilməsi üzrə çoxillik tədqiqatlarının nəticələri ilə yanaşı, badamçılıq sahəsində müasir texnologiyalar, xüsusən də intensiv və superintensiv bağsalmada suvarma, gübrələmə, budama, formavermə sahələrində son texnologiyalar haqqında məlumat verilib.
Eyni zamanda, badam yetişdirilməsi biznesi ilə məşğul olan sahibkarlara, həm peşəkar mütəxəssislərə, həm də həvəskarlara dəstək olaraq badam becərilməsi və yetişdirilməsinin texnikası barədə praktik tövsiyələr, bu bitkinin geniş çeşid və formaları, zərərvericiləri, xəstəlikləri və onlarla mübarizə tədbiləri haqqında geniş və ətraflı məlumat təqdim olunub.
Tədbirdə Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun İnformasiya təminatı və elmi nəticələrin tətbiqi şöbəsinin müdiri Firuzə Hüseynova Azərbaycanda badamçılığın mövcud vəziyyəti və inkişafı haqqında tədbir iştirakçılarına məlumat verib.
Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və tərəvəzlik şöbəsinin müdiri Surxay Novruzov çıxış edərək, yeni nəşrin ölkədə badamçılığın inkişafına stimul olacağını bildirib.