Karbamid gübrəsi istifadə olunan taxıl sahələrində yüksək məhsuldarlıq gözlənilir. Karbamidin azot tərkibli digər gübrələrdən üstünlüyü bitkinin gübrənin tərkibindəki elementləri uzun müddətə mənimsəməsidir. Karbamid gübrəsi bitkinin kollanma əmsalını artırır, eyni zamanda bitkinin yaşıl qalma müddətini uzadır. Bu isə nəticədə dənin daha yaxşı dolmasına, sünbülün yaxşı inkişaf etməsinə, keyfiyyət göstəricilərinin yüksəlməsinə səbəb olur.
"Unikal" xəbər verir ki, bu fikirləri Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rəfail Quliyev Qusar və Siyəzən rayonlarında fermerlərlə görüşdə deyib. O bildirib ki, nazirliyin müvafiq qurumları tərəfindən taxıl sahələrində monitorinq davam edir. Monitorinqin nəticələri əksər sahələrdə aqrotexniki qulluq tədbirlərinin vaxtında həyata keçirildiyini göstərir, bu isə öz növbəsində mövsümün sonu sahələrdən bol məhsul götürüləcəyini söyləməyə əsas verir.
Nazirlik tərəfindən taxılçı fermerlər arasında maarifləndirmə işləri ilboyu davam etdirilir. Məlumatlandırma sessiyaları zamanı düzgün toxum seçimi, aqrotexniki qulluq qaydaları, gübrə normativləri və s. barədə fermerlərə geniş məlumat verilir, eyni zamanda dövlətin tətbiq etdiyi yeni aqrar subsidiya mexanizminin mahiyyəti izah olunur. Qeyd olunub ki, Aqrar Subsidiya Şurasının qərarına əsasən, bu il arpa və buğdaya subsidiyalar eyni əmsalla, hər hektara 210 manat olmaqla verilir. Əkinlərin vaxtında bəyan edilməsi subsidiyaları ilin əvvəlində köçürmək imkanı yaradıb və taxılçı fermerlər vəsaitləri təsərrüfat xərcləri üçün istifadə ediblər. Statistik məlumatlara əsasən, subsidiya vəsaitlərinin böyük hissəsi gübrə almaq üçün sərf olunur. Ölkədə gübrə bazarı liberallaşdırılıb, fermerlərin gübrə təminatı ilə 100-dən artıq hüquqi və fiziki şəxs məşğul olur. Bu mexanizm fermerə seçim imkanı yaradır.
Bildirilib ki, fermerlər dövlətin dəstək mexanizmlərindən yararlanmaq üçün əkinlərini vaxtında bəyan etməli, aqrar sığorta müqavilələrini vaxtında bağlamalı və torpaqlardan aqrokimyəvi analiz verməlidirlər.
Müzakirələr zamanı taxıl sahələrində mövcud durum, suvarma məsələləri, gübrə ilə təminat, əkin sahələrində alaq otlarına və zərərvericilərə qarşı mübarizənin təşkili, yazlıq əkinlərə hazırlıq, bəyan prosesinin gedişi və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb, fermerlərin sualları ətraflı cavablandırılıb, səsləndirilən təkliflər qeydə alınıb.