Aprelin 12-də keçirilmiş müşavirədə cənab Prezident İlham Əliyev ötən ili ölkəmiz üçün əlamətdar bir il kimi qiymətləndirdi. Ötən il ərzində həyata keçirilən işlər, əldə olunan nəticələr ölkəmizin davamlı inkişafından xəbər verir. İqtisadi göstəricilərin yüksəlməsi həyata keçirilmiş düzgün siyasətdən irəli gəlir ki, bunun nəticəsində də nəzərdə tutulan bütün layihələrin uğurla həyata keçirilməsinə şərait yaranır. Ötən il cənab Prezidentin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzur ərazisində davamlı bərpa-quruculuq işləri aparılmış, mühüm layihələrin icrasına başlanılmışdır. Eyni zamanda cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində Azərbaycanın yaratmış olduğu yeni reallıqlar beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmişdir.
Azərbaycanda hər sahənin və hər bir bölgənin inkişafını daim diqqət mərkəzində saxlayan ölkə başçısı üçün işğaldan azad edilmiş ərazilərin yenidən qurulması ötən il prioritet məsələlərdən olmuşdur. Azad edilmiş ərazilərdə ilk olaraq yol-nəqliyyat infrastrukturu yaradılmağa başlanılmışdır. Eyni zamanda Qarabağ və Şərqi Zəngəzur bölgəsi “yaşıl enerji” zonası elan edilmiş, elektrik təsərrüfatının bərpası istiqamətində ciddi işlər həyata keçirilmişdir. Bu ərazilərin “yaşıl enerji” zonası elan olunması o deməkdir ki, burada bərpaolunan və ekoloji təmiz enerji mənbələrindən istifadə edilməsi əsas tutulacaq. Bərpaolunan enerji mənbələrinin yaradılması üçün müvafiq tədqiqatlar aparılmış, bölgənin enerji potensialı öyərənilmişdir. Hazırda azad edilmiş torpaqlarda bərpaolunan stansiyaların 9 min meqavatdan çox potensialının olduğu müəyyənləşdirilmişdir. Bərpaolunan enerji mənbələrin yaradılması üçün dövlət tərəfindən müxtəlif xarici şirkətlərlə danışıqlar aparılır. Ölkə başçısı bu haqda keçirdiyi müşavirədə də qeyd etdi ki, bu sahəyə xarici investorların marağı yüksəkdir. Belə ki, “BP” şirkəti ilə Cəbrayılda Günəş Elektrik Stansiyasının tikintisi üzrə danışıqlar aparılır, eyni zamanda Kəlbəcər və Laçın rayonlarında külək elektrik stansiyalarının tikintisi ilə bağlı bir sıra xarici şirkətlər tərəfindən müvafiq müraciətlər edilir.
Azad edilmiş ərazilərdə elektrik infrastrukturunun qurulması istiqamətində ötən il bir çox işlər görülmüş, 9 elektrik yarımstansiyası və 20 meqavat gücündə 4 Su Elektrik Stansiyası inşa edilmişdir. Bundan əlavə, çətin relyefin olmasına baxmayaraq Daşkəsəndən dağlardan keçərək Kəlbəcərə elektrik xətləri çəkilmişdir.
Müasir dövrdə istənilən sahədə inkişafa nail ola bilmək üçün tələb olunan mühüm amillərdən biri dayanıqlı elektrik enerjisi ilə təminatın olmasıdır. Məhz bu səbəbdən də müasir standartlara cavab verən elektrik infrastrukturunun yaradılması mühüm şərtlərdən biridir. Müşavirdə ölkə başçısı bir daha tapşırıq verdi ki, azad edilmiş ərazilərdə bu il elektrik təchizatı ilə bağlı işlər yüksək sürətlə davam etdirilməlidir. Gücü 240 meqavat olan “Xudafərin” və “Qız qalası” Su Elektrik stansiyalarının tikintisi ilə bağlı işlərin sürətləndirilməsi də perspektiv planlara daxildir.
Cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə cənab Prezident İlham Əliyev Zəngəzur dəhlizinin açılmalı olduğunu bir daha bəyan edərək bu məsələ ilə bağlı Brüssel görüşündə geniş fikir mübadiləsi aparıldığını vurğuladı. Zəngəzur dəhlizinin açılması Ermənistanın 10 noyabr Bəyannaməsi ilə üzərinə götürdüyü bir öhdəlikdir. Ermənistan Zəngəzur üzərindən keçid vermədiyi halda itirən tərəf olmaqla 10 noyabr Bəyannaməsini pozmuş olacaq. Azərbaycan tərəfi isə artıq bu istiqamətdə müvafiq işlər həyata keçirir. Azad olunmuş ərazilərdə yol-nəqliyyat infrastrukturu ən müasir standartlar əsasında yenidən qurulur, beynəlxalq əhəmiyyətli hava limanları inşa edilir.
Şuşada həyata keçirilən bərpa-quruculuq işləri dövlət başçısının xüsusilə nəzarətindədir və burada da işlər yüksək sürətlə həyata keçirilir. Mədəniyyət paytaxtımız olan Şuşada aparılan bərpa-quruculuq işləri ilə paralel mədəni-kütləvi tədbirlər də keçirilir. Ötən il keçirilən ilk belə tədbir “Xarıbülbül” festivalı oldu. “Xarıbülbül” festivalı gələn ay yenidən keçiriləcək. Bu dəfə baş tutacaq festival daha geniş şəkildə təşkil olunacaq və artıq dünyanın müxtəlif ölkələrindən folklor kollektivləri festivalda iştirkak etmək üçün dəvət ediliblər.
Azərbaycan həqiqətlərini yorulmadan davamlı olaraq beynəlxalq ictimaiyyətin diqqətinə çatdıran cənab Prezident İlham Əliyev cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə də Ermənistanın 30 ilə yaxın bir müddətdə ölkəmizə qarşı törətdiyi cinayətlərə, xüsusilə də ekoloji terrora diqqət çəkərək bu haqda Avropa Şurası Parlament Assambleyasında bir neçə il bundan əvvəl xüsusi məruzənin hazırlanaraq qəbul edildiyini xatırlatdı. Bununla da cənab Prezident Azərbaycan xalqının erməni cinayətlərini heç zaman unutmayacağını diqqətə çatdırmış oldu.
Cənab Prezident İlham Əliyevin sədrliyi ilə 12 aprel tarixində keçirilmiş cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə görülmüş işlərin analitik təhlili, qarşıda dayanan məqsəd və hədəflərin dəqiqliklə müəyyənləşdirilməsi deməyə əsas verir ki, Azərbaycan dünyada baş verən müxtəlif risklər və yeni yaranan çağırışlar fonunda bundan sonra da inkişaf edəcəkdir.
Anar Şahmuradov
YAP Ağdaş rayon təşkilatının məsul əməkdaşı