“Bir daha vurğulamaq istərdim ki, bütün dünyada olduğu kimi Azərbaycanda da koronavirus pandemiyası hələ də aktivdir və ona görə də bu qorxunc xəstəliklə mübarizə bu gün də davam edir. O da danılmaz faktdır ki, hazırda COVID-19 virusuna yoluxanların və bu virusdan vəfat edənlərin sayında müşahidə olunan kəskin azalma elə məhz həkimlərin və polis əməkdaşlarının fasiləsiz, əzmkar fəaliyyətlərinin nəticəsində olub”.
"Unikal" xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi Ehsan Zahidov deyib.
Son günlər sosial şəbəkə istifadəçilərinin artıq 2 ildən çox davam edən pandemiya ilə mübarizə tədbirləri çərçivəsində polisin tibbi maskadan istifadə etməyən şəxslər barədə inzibati protokollar tərtib etməsinin əsassız olması barədə fikirlərinə münasibət bildirən E. Zahidov bildirib ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah bu sahədəki vəziyyətlə bağlı mütəmadi məlumatlar yayır və aradan qaldırılan, eləcə də qüvvədə olan qadağaları elan edir:
“Qərara əsasən vətəndaşların qapalı məkanlarda, ictimai nəqliyyatda tibbi maskalardan istifadə etmələri hələ ki mütləqdir. Operativ Qərargahın qəbul etdiyi bu qərarların icrası, nəzarəti isə polis əməkdaşları tərəfindən təmin edilir. Polis əməkdaşları tərəfindən Operativ Qərargahın pandemiya ilə bağlı qəbul etdiyi qərarların icrası həmişə olduğu kimi bundan sonra da davam ediləcək. İki ildən artıq müddətdə nəzarət və profilaktik tədbirləri həyata keçirən polis əməkdaşları heç vaxt əhalinin cərimələnməsində maraqlı olmayıb və hazırda da maraqlı deyillər. Onlar daha çox xəbərdarlıqlara və profilaktikaya üstünlük verirlər. Danılmaz həqiqətdir ki, gün ərzində maskadan istifadə etməyən yüzlərlə insanın çox az qisminə qarşı protokol tərtib edilirsə, qalan böyük əksəriyyətinə şifahi xəbərdarlıq edilməsi ilə kifayətlənilir”.
DİN rəsmisi ona görə də ictimai asayişin, təhlükəsizliyin təmini ilə paralel insanların sağlamlıqlarının qeydinə qalan, onları koronavirus kimi bir bəladan qoruyan polis əməkdaşlarının qınanılmasını ən azından qeyri obyektiv bir yanaşma tərzi hesab etdiyini vurğulayıb:
“Mən bir daha vətəndaşlarımızı Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya ilə bağlı qəbul etdiyi qərarları anlayışla qarşılamağa, onlara riayət etməyə dəvət edirəm. O qərarlardan irəli gələn tələb və qadağalar bizim hər birimizin sağlamlığı naminə qəbul edilib. Öz sağlamlıqlarını riskə qoyaraq vətəndaşlarımızı bu qorxunc xəstəlikdən qoruyan polis əməkdaşlarını əsassız olaraq qınamaqdansa, gəlin qaydalara hamılıqla riayət edək. Yeri gəlmişkən, COVID-19 ilə əlaqədar tətbiq edilən bütün qayda və qadağaları anlayışla qarşılayıb onlara riayət edən hər bir vətəndaşımıza təşəkkürümüzü bildiririk".