Zaqatala rayonunda selə qarşı mübarizə tədbirləri görülür.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov "Unikal"a bildirib ki, Zaqatala rayonunda yaşayış məntəqələrinin və əkin sahələrinin sel sularından mühafizəsini təmin etmək məqsədilə rayon ərazisindən axan dağ çaylarında sahilbərkitmə, o cümlədən çay yataqlarının təmizlənməsi işləri davam edir. Görülən işlər əsasən rayon ərazisindən axan və zaman-zaman sel təhlükəsi yaradan Muxax çayında aparılır. Bu çayın sağ və sol sahillərində daş-beton bəndlərin qurulması ilə yanaşı məcra təmizləməyə də önəm verilir. Zaqatala Suvarma Sistemləri İdarəsinin texnikaları Muxax çayı ilə yanaşı digər çaylarda da məcra təmizləməyə cəlb olunub. Ötən il idarə tərəfindən 10 min kubmetrə yaxın çaylarda məcra təmizləmə işləri aparılıb. Bu ilin yanvar ayından bu günə kimi isə 200 min kubmetrdın artıq çay yatağı təmizlənib.
Zaqatala Suvarma Sistemləri İdarəsi tərəfindən istismar müddətini bitirmiş daş-beton bəndlərdə də təmir işləri görülüb. Muxax çay sistemində 575, Tala çay sistemində 1590 kubmetr olmaqla ümumi 2160 kubmetrə yaxın daş-beton bənd təmir edilib. Bundan başqa Muxax çayda 615 kubmetr qabyon, 900 kubmetr isə şax-daş bəndləri quraşdırılıb. Tala çayının şəhər ərazisindən keçən hissəsinin sağ sahilində isə təmir işləri davam edir. Buna səbəb ötən ilin sentyabr ayında yağan güclü yağışlar nəticəsində bəndin 64 metrlik hissəsinin dağılmasıdır. Bu ilin əvvəlindən başlayaraq bəndin həmin hissəsində 550 kubmetr təmir işləri görülüb. Bu da ətrafda yerləşən yaşayış məntəqələrinin təhlükəsizliyi təmin edir.
Qeyd edək ki, Zaqatala Suvarma Sistemləri İdarəsi balansında olan 15560 hektardan çox əkin sahələrinin suvarılmasına xidmət edir. Hər il olduğu kimi bu il də vegetasiya suvarmasına hazırlıq məqsədi ilə ilin əvvəlindən bu günə kimi kanallarda 95 min kubmetr lildən və kol-kosdan təmizləmə işləri aparılıb. Ötən il isə bu rəqəm il ərzində 475 min kubmetr təşkil edib.