Bir sıra kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Poçt göndərişləri” gömrük postunda həyata keçirilən yoxlamalar nəticəsində poçt göndərişlərinin, daşıyıcı şirkətlər vasitəsilə xaricdən gətirilən bağlamaların sahiblərinə çatdırılması prosesində gecikmələrin müşahidə olunduğuna dair məlumatlar yayımlanıb.
"Unikal" xəbər verir ki, bu barədə Komitənin açıqlamasında bildirilir.
Qurum bəyan edib ki, təhlillər nəticəsində poçt göndərişləri vasitəsilə narkotik vasitələrin, psixotrop maddələrin, cəmiyyətdə “patı” adlandırılan metamfetaminin, qanunla qadağan edilmiş məhsulların gömrük sərhədindən keçirilməsinə cəhdlər, maliyyə intizamının pozulması və bəyanetmə prosesinin düzgün aparılmaması halları müəyyən edildiyindən bu sahədə nəzarət tədbirləri gücləndirilib.
Gömrük nəzarətinin səmərəliliyinin artırılması, təhlükəsizlik, qaçaqmalçılıqla mübarizə, bəyanetmə və maliyyə nəzarətinin gücləndirilməsi məqsədilə həyata keçirilən bu kimi tədbirlər gömrük orqanlarının qanunvericiliklə müəyyən edilmiş gündəlik iş fəaliyyətidir.
Gömrük orqanları bir daha vətəndaşlara müraciət edərək xaricdən sifariş etdikləri məhsulların asan və sürətli şəkildə gömrük nəzarətindən keçirilməsi üçün qanunvericiliyə riayət etmələrini, bəyannamədə mallara dair məlumatların düzgün göstərilməsini tövsiyə edib.