Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin işğaldan azad olunmuş ərazilərə yanvarın 24-dən istifadəyə verdiyi müntəzəm avtobus marşrutları ilə bu günədək 114 reys həyata keçirilib, 4448 nəfər Şuşa və Ağdam şəhərlərini ziyarət edib.
Nazirlikdən "Unikal"a verilən məlumata görə, sərnişinlərdən 3049-u Şuşaya səfər edib. Onlardan 1781 nəfər Bakı-Şuşa-Bakı, 1268 nəfər isə Əhmədbəyli-Şuşa-Əhmədbəyli reysi ilə gedib.
Ağdama isə ümumilikdə 1399 sərnişin səfər edib. Onlardan 568 nəfər Bakı-Ağdam-Bakı, 831 nəfər isə Bərdə-Ağdam-Bərdə reysi ilə gedib.
67 nəfər imtiyazlı şəxs (Vətən müharibəsi qəhrəmanları, Milli qəhrəmanlar, şəhid ailəsinin üzvləri, Qarabağ müharibəsi əlilləri) işğaldan azad olunmuş ərazilərə ödənişsiz səfər edib.