Bu gün Lənkəran şəhər Heydər Əliyev Mərkəzində təbiət ərazilərində yanğın təhlükəsizliyi ilə bağlı Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar, Daxili İşlər və Kənd Təsərrüfatı nazirliklərinin, Baş Prokurorluğun, Ədliyyə Nazirliyinin, rayon icra hakimiyyətlərinin, “Azərişıq” və “Azəriqaz” ASC-lərin nümayəndələri, həmçinin 9 rayonun icra hakimiyyətinin inzibati ərazi dairələri üzrə nümayəndələri, sahibkar və fermerlərin iştirakı ilə maarifləndirmə tədbiri keçirilib.
"Unikal" xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Lənkəran şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, ulu öndərin xatirəsini ehtiramla anıblar. Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov çıxış edərək, baş verən yanğın hadisələrinin böyük əksəriyyətinin insan faktoru ilə bağlı olduğunu və bu mövzuda keçirilən maarifləndirici tədbirlərin əhəmiyyətini vurğulayıb. İcra başçısı bildirib ki, yanğın hadisəsi zamanı insanların necə davranması, təhlükəsizlik qaydalarına ciddi əməl etməsi baxımından maarifləndirici tədbirlərin keçirilməsi hər zaman diqqət mərkəzindədir və bunun üçün müvafiq dövlət qurumları birlikdə qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərirlər.
Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev çıxışında yanğın baş verən sahənin normal halına qayıtması üçün onilliklər lazım olduğunu vurğulayıb. Nazir müavini bildirib ki, bu il “Ümumrespublika Yaşıllaşdırma Marafonu” (“Yaşıl Marafon”) çərçivəsində 3 milyon tingin əkilməsi nəzərdə tutulub və yaz əkin mövsümündə 360 hektar ərazidə 660 minə yaxın ağac tingi əkilib ki, bu proses aprelin sonuna kimi davam edəcək.
Baş Prokurorluğun idarə rəisi Ramil Məcidov çıxışında qeyd edib ki, ölkə ərazisində miqyasından asılı olmayaraq baş verən bütün yanğın hadisələri, Baş Prokurorluğun rəhbərliyinin və aidiyyəti idarələrin daim diqqətindədir. İdarə rəisi bildirib ki, yanğın törədən, təşvişə səbəb olan, insanların sağlamlığına və həyatına qəsd edən, əmlakın, meşələrin məhvinə səbəb olan şəxslər ibtidai istintaq və əməliyyat-axtarış fəaliyyəti tədbirləri nəticəsində müəyyən edilir, cinayət və inzibati məsuliyyətə cəlb olunurlar.
Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev Baş nazir tərəfindən əhalinin kütləvi toplaşdığı bütün növ xidmət və ticarət obyektlərində baş verə biləcək fövqəladə hal, qəza risklərinin müəyyən edilməsi və çatışmamazlıqların aradan qaldırılması işinin təşkili ilə bağlı tədbirlər barədə sərəncamına toxunaraq bildirib ki, sərəncama uyğun olaraq, ölkə üzrə insanların kütləvi toplaşdığı bütün növ obyektlərdə yanğın, radiasiya və texniki təhlükəsizlik qaydalarına düzgün riayət edilməsi ilə bağlı yoxlamalar aparılacaq.
Tədbirdə çıxış edən digər natiqlər yanğın hallarının qarşısının alınması üçün maarifləndirmə işlərinin aparılmasına böyük ehtiyac olduğunu vurğulayaraq sözügedən məsələdən insanların zərər görməməsi üçün təhlükəsizlik qaydalarına ciddi əməl olunmasının vacibliyindən danışıblar. Tədbirdə iştirak edən fermerlərə əkin sahələrinə od vurmamaları, əkinin ətrafında müəyyən olunmuş qaydada şumlanmış “mühafizə zolağı” yaratmaları və digər yanğın təhlükəsizliyi qaydalarına riayət etmələri barədə lazımi tövsiyələr verilib.