Gəncə Şəhər İcra Hakimiyyətində Şəhər Ağsaqqallar Şurasının konfransı baş tutub.
"Unikal" xəbər verir ki, toplantıda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Respublika Ağsaqqallar Şurası sədrinin birinci müavini Bayram Yusifov, AMEA-nın Gəncə Bölməsinin sədri , akademik Fuad Əliyev, Gəncə şəhər Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Toplantıda Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların və Gəncə şəhər Ağsaqqallar Şurasının keçmiş sədri Xalid Qurbanovun xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Daha sonra konfransın sədri Mobil İmanov tərəfindən şura məsələlərinin gündəliyi oxunub və səsə qoyulub. Gəncə Şəhər Ağsaqqallar Şurasının birinci müavini Nurəddin Məmmədovun namizədliyi irəli sürülüb, onu açıq səsvermə yolu ilə Gəncə şəhər Ağsaqqallar Şurasına sədr seçiblər. Bununla yanaşı, Şuranın İdarə Heyətinin tərkib hissəsi yenidən formalaşıb, 2022-ci il üçün İş Planının müzakirəsi olunub və təsdiqlənib.
Tədbirdə Niyazi Bayramov qeyd edib ki, xalqımızın mənəvi dünyasında, milli mentalitetində ağsaqqal, ağbirçək sözü, xeyir-duası həmişə ali həyat məramı olub. O bildirib ki, Gəncənin ağsaqqalları istər Vətən müharibəsində, istərsə də pandemiya dövründə şəhər əhalisinə daim mənəvi dəstək olublar. Çıxışının sonunda Niyazi Bayramov Ağsaqqallar Şurasının yeni seçilmiş sədrini təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb .
Respublika Ağsaqqallar Şurası sədrinin birinci müavini Bayram Yusifov çıxış edərək ağsaqqalların ölkəmizin ictimai-mədəni həyatında rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıb. O, gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara hər zaman böyük ehtiyac olduğunu da diqqətə çatdırıb.
Şəhər Ağsaqqallar Şurasının yeni sədri Nurəddin Məmmədov göstərilən etimada görə minnətdarlığını ifadə edib. O, Şuranın uğurlu fəaliyyəti üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.
Sonda xatirə şəkli çəkdirilib.