Cənab Prezident İlham Əliyevin siyasi kursunun mərkəzində dayanan insan faktoru vətəndaşla dövlət qurumları arasında qarşılıqlı münasibətlərin qurulmasının və eləcə də dövlət məmurlarının başlıca fəaliyyət istiqamətlərinin prinsipial bazasını müəyyən edir.
"Unikal" xəbər verir ki, yerlərdə görüşlərin keçirilməsi, vətəndaşla sərbəst dialoqun qurulması, qaldırılan obyektiv məsələlərin ədalətli və zamanında həllinə nail olunması dövlətimizin başçısının bütün məmurlar qarşısında qoyduğu ən önəmli tapşırıqlardandır ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun təqvim planına uyğun olaraq aprelin 20-də səyyar qəbul-görüşü Qrumba və Narbağı kəndlərinin sakinləri ilə baş tutub.
Şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad olunduğu və “Açıq mikrafon” formatında təşkil olunan qəbul-görüşdə İcra başçısı vətəndaşların sərbəst və könüllü müraciət etməsi üçün birbaşa dialoqun qurulması xəttinə üstünlük verməklə, yerlərdə insanları narahat edən məsələlərin həllinə nail olmaqdan ötrü tədbirdə iştirak edən vəzifəli və cavabdeh şəxslərə konkret göstəriş və tapşırıqlarını verdi. Sözügedən ərazidən olan şəhid ailəsi və müharibə iştirakçılarının problemləri və qayğıları ilə yaxından maraqlanan T.Qaraşov onlara hər bir vətəndaşın xüsusi diqqət ayırmasının mənəvi borcumuz olduğunu qeyd etdi. Natiq çıxışında son dövrlərdə qlobal miqyasda ən aktual məsələlərdən olan ərzaq təhlükəsizliyinə toxunaraq bildirdi ki, kənd əhalisinin əkinə yararlı torpaqlarda əkinçiliklə məşğuliyyətini stimullaşdırmaq olduqca vacibdir. Belə ki, yerli əhalinin torpağı əkib becərməsi həm onların maddi vəziyyətlərinin yaxşılaşmasına, həm də ərzaq təhlükəsizliyilə bağlı problemlərin yaranmasının qarşısını almağa xidmət etmiş olacaq.
Kənd əhalisi tədbirdə rayon İcra hakimiyyəti aparatının məsul şəxslərinin, hüquq mühafizə orqanlarının rəhbərlərinin, əlaqədər təşkilatların nümayəndələrinin iştirakının onları narahat edən məsələlərin yerində həllini tapması baxımından yüksək qiymətləndirdilər. Qəbul-görüşdə iştirak edən vətəndaşlar icra başçısına onlara sərbəst və könüllülük prinsipi ilə fikir və istəklərini rahat, maneəsiz söyləyə bildikləri üçün yaradılan şəraitə görə minnətdarlıqlarını ifadə etdilər. Hər zaman dövlətin və dövlətçiliyin yanında olan, dövlətimizin başçısının siyasi kursuna sadiqliyi ilə seçilən Qrumba və Narbağı sakinləri onlara göstərilən diqqət və qayğıya, eləcə də sosial-iqtisadi vəziyyətlərinin günü-gündən inkişaf etdiyinə görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdar olduqlarını vurğuladılar.