Şuşa şəhərinin və Şuşa rayonunun Daşaltı kəndinin içməli su təchizatı sisteminin yaradılması ilə bağlı texniki-iqtisadi əsaslandırma və ilkin layihə sənədlərinin hazırlanması məqsədilə yaradılmış işçi qrupun növbəti iclası keçirilib.
Bu barədə "Unikal"a ölkə prezidentinin 24 noyabr 2020-ci il tarixli sərəncamı ilə yaradılmış işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahın nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzdən bildirilib.
Məlumata görə, Şuşada baş tutmuş iclasda “Azərsu” ASC-nin və işçi qrupuna daxil olan digər dövlət təşkilatlarının əməkdaşları və mütəxəssislər iştirak ediblər. İclas iştirakçıları Azərbaycanın mədəniyyət paytaxtının içməli su təchizatının bərpası məqsədilə görülmüş təxirəsalınmaz işlər və perspektiv layihələr barədə məlumat verib, iqlim dəyişikliklərininin su ehtiyatlarına təsiri ilə bağlı təqdimatlar edib.
Bildirilib ki, Şuşa işğaldan azad olunduqdan sonra şəhəri su ilə təmin edən Kiçik Kirs və Zarıslı mənbələrinin fəaliyyəti qısa müddət ərzində bərpa edilib, magistral kəmərlərdə və su anbarlarında təmir-bərpa işləri həyata keçirilib. Şəhər ərazisində davam edən abadlıq-quruculuq və tikinti-quraşdırma işləri, yeni tikiləcək yaşayış və qeyri-yaşayış obyektləri içməli suya tələbatı xeyli artıracaq. Mövcud mənbələrin məhsuldarlığı yay mövsümündə tələbatı tam ödəməyəcək. Bütün bunlar nəzərə alınaraq alternativ mənbə kimi Zarıslı çayının su ehtiyatlarından istifadə olunması nəzərdə tutulur. Şuşa şəhərinin perspektiv inkişafı nəzərə alınmaqla dayanıqlı içməli su təminatı məqsədilə çayın məcrasında yeni su anbarının layihələndirilməsi işləri davam etdirilir. Zarıslı çayının məcrasında yaradılacaq anbarda toplanan suyun şəhərə nəqli məqsədilə nasos stansiyasının və 2,6 km uzunluğunda təzyiqli su kəmərinin inşası planlaşdırılır.
İclasda Şuşa şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması ilə bağlı perspektiv layihələr, bu sahədə innovativ texnologiyaların tətbiqi və ətraf mühitə təsirin qiymətləndirilməsi məsələləri də müzakirə edilib.
İşçi qrupunun üzvləri yaradılacaq yeni su anbarının tikiləcəyi yerə baxış keçirib, ərazinin coğrafı mövqeyi və relyefi ilə tanış olublar.