Sabah
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi Bakıda 26 fevral – Xocalı soyqırımının 21-ci ildönümünə görə keçiriləcək tədbirlərlə əlaqədar sürücülərə müraciət edib. İdarədən Unikal.org-a verilən məlumata görə, Xətai rayonu ərazisində Xocalı prospektində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmaqla onların istiqamətləri dəyişdiriləcək: “ Fevralın 26-da Xocalı soyqırımı qurbanlarının anım günü ilə əlaqədar Xocalı prospekti, "Ana fəryadı" abidəsinin önündə keçiriləcək hüzn mərasimində iştirak edənlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təşkil edilməsi məqsədilə Xocalı prospektində bütün avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq. Tədbirin səhər saat 8:00-dan başlamasını nəzərə alaraq, tədbir tam başa çatana qədər Yusif Səfərov, Nəcəfqulu Rəfiyev, Afiyəddin Cəlilov, İzzət Orucov, Fəzail Bayramov, Sabit Orucov küçələrindən Xocalı prospektinə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmaqla onların istiqamətləri dəyişdiriləcək. Sürücülərdən tədbirin keçirildiyi ərazidə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsi xahiş olunur və nəqliyyat sıxlığının yaranmaması məqsədi ilə ictimai nəqliyyat vasitələrindən istifadə edilməsi tövsiyə edilir”.