İstifadəyə yararsız elektrik batareyalarının toplanması məntəqələrinin genişləndirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Qırmızı Ürəklər” Fondu və “BRAVO” marketlər şəbəkəsi “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə start verib.
ETSN-in ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova "Unikal"a bildirib ki, işlənmiş batareyalar üçün qutular ilkin olaraq təyin olunmuş “BRAVO” hipermarket, superstor və supermarket filiallarında yerləşdirilib. Gələcəkdə isə bu cür qutuların digər şəhər və rayonlarda da yerləşdirilməsi planlaşdırılır.
S.Məmmədovanın sözlərinə görə, tədbirdə "EkoSfera" Sosial-Ekoloji mərkəzin və Yaşıl Şəbəkəyə üzv məktəblilər aktiv iştirak edərək topladıqları batareyaları təhvil verib, eyni zamanda batareyaların zərərləri barədə müxtəlif çağırışlar hazırlayıblar.
O qeyd edib ki, işlənmiş batareyaları digər tullantılardan ayırmaq onların ətraf mühitə və insan sağlamlığına mənfi təsirlərini minimuma endirmək deməkdir. Buna görə işlənmiş batareyaların toplanması məntəqələrinin artırılması olduqca aktualdır.
“Bu layihə ətraf mühitin mühafizəsi, insanların sağlamlığının qorunması, ekoloji tarazlığın bərpası, təkrar emalın təşviqi, tullantıların azaldılması, işlənmiş batareya tullantılarının zərərli təsirlərinin qarşısının alınması və səmərəli idarə olunması cəhətdən olduqca vacibdir və maarifləndirici məqsəd daşıyır.
Bugün Dəniz Mall-da keçirilən aksiya zamanı 30 kq-dan çox işlənmiş batareyalar ayrılmış qutulara toplanaraq "Təhlükəli Tullantılar" MMC-yə təhvil verilib”.
S.Məmmədova vətəndaşları təhlükəli və istifadəyə yararsız olan batareyaların məişət tullantılarına qarışdırılmasına yol verməməyə, tullantıların çeşidlənməsi qaydalarına riayət etməyə və batareyalar üçün ayrılan xüsusi qutulardan istifadə etməyə çağırıb.