Son üç ayda bəziləri ailələri ilə birlikdə yeddi rus oliqarxı müəmmalı şəkildə dünyasını dəyişib. Ölənlərin əksəriyyətinin Rusiyanın neft-qaz sənayesində çalışan şəxslər olması dünya mediasının diqqətini çəkib.
"Unikal" rusiyalı oliqarxların müəmmalı ölümü ilə bağlı araşdırmanı təqdim edir:
Aprelin 19-da İspaniyanın Barselona şəhərində bağ evində “Novatek” qaz şirkətinin keçmiş top meneceri Sergey Protosenyanın və ailəsinin cəsədi aşkarlanıb. Sergeyin həyat yoldaşını və qızını öldürdükdən sonra intihar etdiyi düşünülür. Belə ki, 55 yaşlı Protosenyan həyat yoldaşı və 15 yaşlı qızını balta ilə qətlə yetirib, daha sonra özünü asıb. Cinayət zamanı istifadə olunan alətlər isə milyonçunun cəsədinin yanında aşkarlanıb. Polis hadisənin təffərrüatlarını araşdırır.
Bu hadisədən bir gün əvvəl rusiyalı multimilyarder Vlasdislav Avayev də həyat yoldaşı və 13 yaşlı qızı ilə birlikdə Moskvadakı lüks evində ölü tapılıb. Rusiya xəbər agentliyi TASS hadisə ilə bağlı verdiyi xəbərdə Avayevin üzərində silah tapıldığına diqqət çəkib. Moskva polisi həmçinin Avayevin həyat yoldaşını və qızını silahla öldürdüyünü, daha sonra isə intihar etdiyini açıqlayıb.
Protosenja və Avayev Rusiyada neft və qaz biznesi ilə də məşğul olan iki multimilyarder oliqarxdır. Protosenya bir vaxtlar Rusiyanın təbii qaz şirkəti "Novatek"in vitse-prezidenti, Avayev isə "Qazprombank"ın vitse-prezidenti olub.
Hər ikisi bu il xüsusilə enerji sahəsində müəmmalı şəkildə həyatını itirən rus oliqarxlarındandır.
Bu il yanvarın sonlarında, Rusiya hələ Ukraynaya hücum etməmişdən əvvəl, “Qazprom”un tanınmış rəhbəri, 60 yaşlı Leonid Şulmanın intihar etdiyi açıqlanıb.
Fevralın 25-də zəngin iş adamı Aleksandr Tyulyakov Sankt-Peterburq şəhərinə gedib və evində özünü asıb. Tyulyakov həm də Rusiyanın enerji nəhənginin direktorlarından biri olub.
Ölümündən üç gün sonra Ukrayna əsilli təbii qaz və neft maqnatı Mixael Watford İngiltərənin Surrey şəhərində malikanəsinin qarajında asılmış vəziyyətdə tapılıb.
Martın 24-də Rusiyanın iri şəhərlərindən biri olan Nijni-Novqorodda şübhəli ölüm hadisəsi baş verib. Tibbi təchizat nəhəngi "MedStom"un milyarder meneceri Valisiy Melnikov həyat yoldaşı və iki azyaşlı oğlu ilə birlikdə milyon dollarlıq evində ölü tapılıb.
Və nəhayət, Andrey Krokovski - 37 yaşlı Krokovski Soçi yaxınlığındakı Krasnaja Polyana adlı xizək kurortunun meneceri olub. Bu, Rusiya prezidenti Vladimir Putinin də qonaqlarını xizək sürməyə dəvət etməyi xoşladığı yerlərdən biridir. Rusiyanın “Kommersant” qəzetinin mayın 2-də verdiyi xəbərə görə, Krukovski xizək yürüşü zamanı qayadan yıxılaraq dünyasını dəyişib.
Cəmi üç ay ərzində yeddi rusiyalı oliqarxın müəmmalı ölümü fərziyyələrə səbəb olub. Bu yaxınlarda çoxsaylı media orqanları bu ölümlərin intihar olmaya biləcəyini yazıb. Bəziləri hətta Rusiya lideri Putinin və ya Kremlin bu ölümlərlə əlaqəsi ola biləcəyi ehtimalını bildiriblər. Son illərdə Kremlin əleyhdarlarını hədəf alan bəzi sui-qəsd cəhdləri gündəmə gəlib. Onlardan biri Kremlin rəqibi Aleksey Navalniyə qarşı yönəlib. Navalni 2020-ci ilin avqustunda Tomsk şəhərinin hava limanında Rusiya hərbi kəşfiyyat xidmətinin GRU-nun keçmiş əməkdaşı Sergey Skripal kimi Noviçak adlı maddə ilə zəhərlənib.
Rusiya xüsusi xidmətinin qaçan əməkdaşlarından olan Aleksandr Litvinenko da 2006-cı ildə Londonda radioaktiv poloniumla zəhərlənib. ABŞ-ın “USA Today” qəzetinin 2017-ci ildə apardığı araşdırmaya görə, o vaxt cəmi 3 il ərzində ən azı 38 oliqarx ya ölüb, ya da yoxa çıxıb.
Ancaq indi maraqlı olan odur ki, bu il dünyasını dəyişən oliqarxlar tərəfindən heç bir tənqidi açıqlama verilməyib. Bundan əlavə, bu oliqarxların heç biri Ukrayna müharibəsinə görə Qərbin sanksiya tətbiq etdiyi iş adamları siyahısında yoxdur.
Polşada fəaliyyət göstərən analitik mərkəzi olan Varşava İnstitutunun son hesabatında oliqarxların ölümü ilə bağlı cinayət yerinin təhqiqatında təkcə Rusiya polisinin deyil, Rusiyanın dövlət qaz şirkəti “Qazprom”un təhlükəsizlik bölməsinin rəsmilərinin də iştirak etdiyi bildirilir. Hesabatda iddia edilirdi ki, bəzi yüksək vəzifəli Kreml məmurları dövlətə məxsus şirkətdəki korrupsiyanı ört-basdır etmək istəyiblər.
Lakin bu tezisin doğruluğunu təsdiq edən heç bir məlumat yoxdur.
Gülayə Mecid