Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev əvvəlcədən növbəlilik əsasında qəbula yazılmış vətəndaşlarla görüşüb.
"Unikal" xəbər verir ki, bu gün anadan olmasının 99-cu ildönümü tamam olan ulu öndər Heydər Əliyevin qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində sistemli dövlət siyasətinin əsasını qoyduğu qeyd edilib.
Prezident İlham Əliyevin bu siyasəti davam etdirərək, məcburi köçkünlərə daim diqqət və qayğı göstərdiyi, artıq onların doğma yurda qayıdışına hazırlıq görüldüyü, azad olunmuş ərazilərdə bu məqsədlə təhlükəsizlik tədbirlərinin həyata keçirildiyi, infrastruktur layihələrinin həyata keçirildiyi diqqətə çatdırılıb. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın məcburi köçkünlərlə bağlı məsələlərin həllini nəzarətdə saxladığı, onların müraciətlərinə xüsusi həssaslıqla yanaşdığı bildirilib.
Nəzərə çatdırılıb ki, bu günədək məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı ərazilərdə onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün tədbirlər görülüb. Vətən müharibəsində qazanılan qələbədən sonra yeni reallıqlar yaranıb. Bundan sonra məcburi köçkünlər üçün mənzillər işğaldan azad edilmiş ərazilərdə inşa ediləcək, onların mərhələli şəkildə doğma yurda qayıdışı həyata keçiriləcək. Hazırda, Zəngilan, Füzuli, Ağdam rayonlarında, həmçinin Şuşa şəhərində yeni yaşayış sahələrinin inşası davam etdirilir, müvafiq infrastruktur yaradılır.
Komitə sədrinin fərdi qaydada qəbul etdiyi vətəndaşların əksəriyyətini məcburi köçkünlər təşkil edib.
Onların müraciətləri, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət, məşğulluq, işğaldan azad olunmuş ərazilərə qayıdış və digər məsələlərlə əlaqədar olub. Vətəndaşlara bildirilib ki, müraciətləri və qaldırdıqları məsələlər araşdırılacaq, qanunvericiliyə uyğun şəkildə həll ediləcəkdir.