"Şəhid ailələrinə qarşı qətiyyən hörmətsizlik etmək olmaz. Onları qəbul etməmək məsələsi də yolverilməzdir".

Bunu "Unikal"a açıqlamasında deputat Razi Nurullayev Xızı rayonunun icra başçısı Xəzər Aslanovun şəhid atalarını qəbul etməməsi məsələsinə münasibət bildirərkən deyib.

"Təbii ki, bəzən şəhid ailələri gəlir, ağır danışır, bəzi hallarda həmin problemləri həll etmək olmur. Amma bu o demək deyil ki, şəhid ailəsi qəbul edilməməlidir. Ən azından onları dinləyib, həmin problemlərlə bağlı aidiyyatı qurumlar qarşısında məsələ qaldırmaq olar. Ümumiyyətlə, şəhid ailəsi niyə qəbul edilməsin ki? Lap gəlsin qışqır-bağır salsın, yenə də mən hesab edirəm ki, bu, şəhid ailəsinin qəbul edilməməsinə əsas verə bilməz. 

Hər bir icra başçısı şəhid ailəsini mütləq şəkildə qəbul etməlidir. İcra başçıları tərəfindən bu məsələdə heç bir bəhanə gətirilə bilməz. Əgər Xızı rayonunda da bu hadisə baş veribsə və sosial şəbəkələrdə insanlar bu məsələni müzakirə edirlərsə, bəzən bu, icra başçıları üçün ölüm hökmünə bərabər olur. Hər bir halda baş verən hadisənin səbəbini də bilmək lazımdır.

İcra başçıları da yaxşı bilir ki, sosial şəbəkədə insanlar hər bir kəsi baltadan iti qamçılayır", - deyə R.Nurullayev bildirib.

Qeyd edək ki, bu gün Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanovun şəhid atalarını qəbul etməməsinə dair görüntülər yayılıb.

***

Xızı Rayon İcra Hakimiyyətinin başçısı yayılan görüntülərə münasibət bildirib.

İcra Hakimiyyətindən "Unikal"a göndərilən məktubda qeyd olunub ki, Xəzər Aslanov videogörüntüdəki şəhid ailələrini qəbul edib:

"Qaldırılan bir sıra məsələlər yerindəcə həllini tapıb. Belə ki, şəhid Alik İsayevin qardaşı Cahangir İsayev Xızı Rayon İcra Hakimiyyətində işlə təmin edilib.

Məsələ ilə bağlı münasibət bildirən deputat Razi Nurullayevə məsləhət bildirək ki, təmsil etdiyi dairə üzrə öz seçicilərinin problemləri ilə maraqlansın və onların etimadını qazansın. Bu kimi məsələlərdən xal qazanmaqla siyasətçi obrazı yaratmaq siyasi etika ilə ziddiyət təşkil edir".

Murad İbrahimli