Bu gün Azərkosmos kosmik agentliyinin əməkdaşları Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Mexanika və informasiya texnologiyaları fakültəsinin tələbələri üçün infosessiya keçirib.
"Unikal" xəbər verir ki, tədbirdə Universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Orxan Naqdiyev, MİT fakültəsinin əməkdaşları, agentliyin Strateji inkişaf və planlaşdırma Departamentinin rəhbəri Natəvan Həsənova, Peyk və yerüstü qurğuların idarə edilməsi departamentinin mühəndisi İlkin Alıyev, SGAC-nin Azərbaycan üzrə nümayəndəsi Əli Məmmədov iştirak edib.
Natəvan Həsənova agentliyin fəaliyyəti, idarəçiliyində olan “Azerspace-1”, “Azerspace-2” və “Azersky” peykləri vasitəsilə göstərilən telekommunikasiya, teleradio yayım və Yer səthinin məsafədən müşahidə xidmətləri barədə geniş məlumat verilib. Bildirib ki, Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan Azərkosmos ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və “Azərkosmos” tərəfindən idarə edilən “Azerspace-1” peyki 46 dərəcə şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. N.Həsənova çıxışında ölkəmizin 2023-cü ildə keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququnu qazandığını xəbər verib.
Agentliyin mühəndisi İlkin Alıyev isə tələbələrə kosmosun faydaları və əhəmiyyəti, kosmosa buraxılan peyklər, onların istehsalı, istifadə müddətləri barədə məlumat verib. İ.Alıyev ölkədə kosmik fəaliyyət sahəsində Azərkosmosun rolu, maarifləndirici layihələr, tələbələr üçün karyera imkanlarından da danışıb.
SGAC-nin Azərbaycan üzrə nümayəndəsi Əli Məmmədov isə çıxışında tələbələri qurumun təşkil etdiyi layihələrlə bağlı məlumatlandırıb, onları bu layihələrdə fəal iştirak etməyə səsləyib.