Azərbaycan Dillər Universitetində “Azərbaycan-Çin teatr əlaqələri” seminarı keçirilib. Açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov teatr sənəti sahəsində Azərbaycan-Çin əlaqələrinin inkişafından danışıb. Xalqımızın ümummilli lideri Heydər Əliyevin Çinə tarixi səfəri zamanı iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında imzalanan müqavilənin əhəmiyyətini də vurğulayıb.
"Unikal" xəbər verir ki, R.Abbasov, teatr sənətinin xalqlar arasında sülhün möhkəmləndirilməsinin və qarşılıqlı anlaşmanın vacib vasitəsi olduğunu, eyni zamanda Azərbaycan-Çin teatr əlaqələrini inkişaf etdirmək üçün ADU-nun nəzdində Konfutsi İnstitutunun təşkilatçılığı ilə keçirilən tədbirlərdən bəhs edib. O, həmçinin qeyd edib ki, 1959-cu ildə görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası ilk dəfə Çin dilində Pekin Mərkəzi Eksperimental Teatrında səhnəyə qoyulub. Sonradan Çin Milli Operasının Uxan Eksperimental Opera Teatrı və Tyanczin Milli Bədii Teatrında, Çinin digər şəhərlərində “Arşın mal alan” operettası 300 dəfədən çox səhnələşdirilib. “Arşın mal alan” Çinin paytaxtında səhnələşdirilən ilk xarici operettadır.
Seminarda çıxış edən ADU-nun çinsünas tələbələri Çinin tanınmış teatr xadimlərinin Bakıda keçirilən beynəlxalq elmi-praktik teatr konfranslarında iştirakından, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının, Bakı Musiqi Akademiyasının, Bakı Uşaq və Gənclər Teatrı nümayəndələrinin “İpək Yolu” Çin Teatr Liqasının forumlarında, Milli Musiqi Günlərinə və ənənəvi teatr sənəti növlərinə həsr olunmuş “Böyük Çin səddi” teatr festivallarında iştirakından, Çin teatrlarının Azərbaycanda qastrol səfərləri, Çin teatrlarının birgə teatr tamaşaları, musiqili teatr qrupları və ifaçılarının mübadiləsindən bəhs ediblər.
Tələbələr, 1926/27-ci il mövsümündə Bakı Fəhlə Teatrında “Hönkür, Çin” tamaşasının səhnələşdirilməsindən danışıblar. Tamaşanın süjet xətti 1924-cü ildə Vansyan şəhərində baş vermiş real hadisələrə əsaslanırdı. Tamaşanın qəhrəmanları xarici zülmkarlara qarşı mübarizəyə qalxan adi çinlilər idi. Tələbələr, həmçinin qadın rollarının məşhur ifaçısı, Çin Teatrının Pekin Operasının direktoru Mey Lanfan ilə görkəmli Azərbaycan opera müğənnisi Bülbül arasında dostluq münasibətləri və iki ölkənin opera incəsənətinin sintezi vasitəsilə Azərbaycan və Çin mədəniyyətinin yaxınlaşdırılması üzrə onların yaradıcılıq planları ilə bağlı danışıblar.