Türkiyədə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə tədbirlər davam etməkdədir.
"Unikal" xəbər verir ki, Kütahya Dumlupınar Universitetində Universitet rəhbərliyi və Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin birgə təşkilatçılığı ilə Heydər Əliyevi anma mərasimi baş tutmuşdur. Mərasimdə Universitetin rektoru professor Kazım Uysal və Səfilriyin birinci katibi Elxan Zeynalov çıxış edərək Heydər Əliyevin Azərbaycan və Türk dünyası üçün əhəmiyyətini vurğulamışlar. Daha sonra Heydər Əliyevlə bağlı sənədli film nümayiş etdirilmişdir.
Tədbirin təşkil olunduğu universitetin foyesində Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotosərgi təşkil olunmuşdur.
Ankara şəhərində yerləşən Heydər Əliyev adına orta məktəbdə də Səfirliyin dəstəyi və iştirakı ilə keçirilən tədbirdə Ulu Öndər anılıb.
Məktəbin foyesində Ümummilli liderin həyat və fəaliyyətini anladan fotosərgi nümayiş edilmiş, şagirdlər Heydər Əliyevə həsr olunmuş şeir və inşalarını səsləndirmişdir.
Azərbaycan musiqilərinin səsləndirildiyi tədbirin sonunda məktəbin şagirdləri arasında keçirilmiş şeir, rəsm və inşa müsabiqəsinin qalibləri təltif edilmişdir.
Adanada yerləşən Heydər Əliyev adına məktəbdə Səfirliyin yaxından iştirakı ilə anım tədbiri təşkil olunmuşdur. Məktəb rəhbərliyi və Səfirlik nümayəndəsi çıxış edərək, Heydər Əliyevin ömür yolu, zəngin siyasi fəaliyyəti və Azərbaycan-Türkiyə münasibətlərinin inkişafındakı əvəzsiz rolu barədə şagirdlərə məlumat vermişlər.
Tədbirin sonunda məktəb şagirdlərinin fəal iştirak etdiyi, Heydər Əliyevə həsr olunmuş rəsm, şeir və inşa müsabiqəsinin qalibləri mükafatlandırılmışdır.