"Rusiya qoşunlarının fevralın 24-dən indiyədək 570 səhiyyə müəssisəsini məhv edib".
"Unikal" xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski xalqa gündəlik müraciətində deyib. O, Beynəlxalq Tibb Bacıları Günündə peşə nümayəndələrini dövlət mükafatları ilə təltif etdiyini bildirib.
“Bu gün mən düşmən atəşi altında və işğal zamanı əməyi və insanları xilas etməyə davam edən bu peşənin nümayəndələrini dövlət mükafatları ilə təltif etmək şərəfinə nail oldum”, - deyə Zelenski bildirib.
Fevralın 24-dən bu yana davam edən qarşıdurmalar zamanı rus qoşunlarının 570 səhiyyə müəssisəsini, 101 xəstəxananı tamamilə dağıddığını deyən Zelenski bunu barbarlıq və Rusiyanın özünü məhv etməsi kimi qiymətləndirib.
“Biz müharibədən əvvəl tibbin və bütün sosial infrastrukturun inkişafına sərmayə qoymuşuq və müharibədən sonra da bunu davam etdirəcəyik. Rusiyanın strateji məğlubiyyəti artıq dünyada hər kəsə, hətta onlarla hələ də əlaqə saxlamağa davam edənlərə aydındır. Lakin Rusiyanın bunu etiraf etməyə cəsarəti çatmır”, - deyə Zelenski bildirib.