"Marixuanadan (nəşə) müxtəlif xəstəliklərin müalicəsindən istifadə etmək olar. Amma burada söhbət standart marixuanadan getmir. Bəzən buna yozsalar da, əslində belə deyil. Söhbət elmi əsası olan bir məsələdən gedir".
"Unikal" xəbər verir ki, bunu həkim-farmakoloq Müşfiq Hüseynov deyib. O bildirib ki, marixuananın toxumlarından alınan kanabians yağı deyilən məhsul mövcuddur və bu, çox güclü məhsuldur, dünyanın bir çox ölkələrində bu məhsulun istifadəsinə icazə verilir:
“Sözügedən məhsul kapsul, tablet və sprey formasında da olur. Həm güclü antioksidiant, həm də immunitet qaldıran bir məhsuldur. Həmçinin yaxşı ağrı kəsici təsiri də var. Buna görə də onkologiya sahəsində bundan çox istifadə olunur. Bundan başqa, kişi və qadın xəstəliklərində də çox güclü effekti var. Dünyada sözügedən məhsulu istehsal edən bir neçə şirkət var. Son zamanlar olduqca geniş yayılıb. Amerika və Avropa bazarında ciddi satış rəqəmləri əldə edə biliblər. Uzaq Şərq ölkələrində isə xüsusi fermerlər ayrılır və həmin şəxslərə dövlət sifarişi verilir ki, çətənə əkəcəksən. Fermerlər də çətənəni becərdikdən sonra dövlətə təhvil verirlər. Dövlət onun toxumundan yağ istehsal edir. Bu isə çox yüksək məbləğdə gəlir gətirir. Bizdə isə hamısını yandırırlar. Mənim çalışdığım şirkətdə də gələn ilin fevral-may aylarından başlayaraq həmin məhsulun istehsalı həyata keçiriləcək. Bunun əsas bazarı da Avropa və Amerika bazarı hesab olunur. Sözügedən məhsul narkotikdən asılılığı kifayət qədər aşağı salır, həmçinin sintetik dərman vasitələrinin və "patı" kimi tanıdğımız metamfetaminin zərərsiz alternativi sayılır. Bu məhsul asılılığı aradan qaldırmaqla yanaşı, narkotik istifadəçilərinin "lomka" vəziyyətindən çıxmasına şərait yaradır. Mən bunun qanuni olmasının tərəfdarıyam. Bu, mütləq apteklərdə satılmalıdır. Ağıllı dövlət belə edir. Narkotik satışına qadağa qoyur və bu üsuldan istifadə edir".
Seymur Əli