Almaniyalı alim, Dr. Mixael Hessin "Şuşanın irsi. Azərbaycanın mədəniyyət paytaxtının tarixi və inkişaf yolu" kitabı 2022-ci ilin martında Münxendə alman dilində nəşr edilib. İxtisasca türkoloq olan, ədəbiyyatşünas və tarixçi alim Almaniyanın Qiesen Universitetinin elmi əməkdaşıdır.
"Unikal" alimlə müsahibəni təqdim edir.
-Cənab Hess, Sizin Azərbaycanın Qarabağ diyarının tarixinə həsr olunmuş son iki ildə ikinci kitabınız nəşr olunub. Birinci kitabınız Qarabağın ümumi tarixi haqqındadır, ikinci kitab isə Şuşaya həsr olunub. Sizdə Qarabağa, onun mədəniyyətinə, ədəbiyyatına və tarixi inkişafının tədqiqinə maraq haradan yaranıb?
-Mən Azərbaycanın dahi şairi İmadəddin Nəsimi yaradıcılığından Berlin Azad Universitetində ikinci doktorluq dissertasiyası (professorluğa namizəd olmaq üçün habilitasyon) müdafiə etmişəm. Azərbaycan ədəbiyyatına da marağım buradan və ixtisasca türkoloq olmağımdan qaynaqlanır. Azərbaycan tarixi, onun müasir siyasi tarixi və inkişaf yolu da mənim elmi tədqiqat sahəmə daxildir. Məsələn, hələ 2016-ci ildə, məlum Aprel döyüşlərindən sonra, Ermənistan-Azərbaycan münaqişəsinin tarixinə və siyasi inkişafına dair “Tanklar cənnətdə. Ermənistan vә Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişәsi” adlı kitabım alman dilində Berlində nəşr edilib. 2020-ci ilin avqustunda isə, “Qarabağ 13-cü əsrdən 1920-ci ilədək. Azərbaycan tarixinin açılımı” kitabım ingilis dilində Berlində işıq üzü görüb. Bu ilin fevralında isə bu kitabın 44 Günlük Vətən müharibəsinin nəticələri əsasında aktuallaşdırılmış yeni 3-cü nəşri çap edildi.
-Cənab Hess, bir neçə həftə öncə “Şuşanın irsi. Azərbaycanın mədəniyyət paytaxtının tarixi və inkişaf yolu” kitabınız çapdan çıxdı. Kitabın ərsəyə gəlməsi barədə nə deyə bilərsiniz?
-Şuşanın mədəniyyət və ədəbiyyat tarixi, Şuşa və ümumilikdə Qarabağın yetişdirdiyi ədiblərin yaradıcılığı ilə bağlı elmi tədqiqatlara hələ 2015-ci ildə başlamışdıq. Belə ki, coğrafi cəhətdən elə də böyük olmayan, bu füsunkar diyardan, Şuşa və onun ətraf bölgələrindən belə çox sayda şair, yazıçı, musiqişünas, bəstəkar və digər ədiblərin yetişməsi məni həmişə düşündürüb. 2020-ci ilin noyabrında Şuşanın işğaldan azad edilməsindən sonra “Şuşanın irsi” kitabının üzərində intensiv şəkildə işə başladıq. Kitab üzərində son işi 2021-ci ilin 7 noyabrında Şuşaya səfərim zamanı tamamladıq və Berlinə qayıdıb onu çap üçün hazırlamağa başladım. Sizə maraqlı bir faktı deyim ki, kitabın çapa hazırlığının lap son mərhələsində Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci il yanvarın əvvəlində Azərbaycanda “Şuşa ili” elan etməsi barədə xəbəri aldım. Dərhal çapı dayandırdım, kitabın giriş hissəsində bu vacib faktı və kitabın Şuşanın 270 illik yubileyinə töhfə olmasını qeyd etdim. Bundan sonra çap prosesi davam etdirildi və bu ilin martında başa çatdı.
-Kitabın qısa məzmununu və əhəmiyyətini qısaca necə təsvir edərdiniz?
-Kitabda Şuşa, Qarabağ və ümumilikdə bütöv Azərbaycanın keçdiyi vacib ümumi tarixi və mədəni-tarixi mərhələləri araşdırılır. Qərbdə ictimaiyyətin geniş məlumatlı olmadığı Şuşanın zəngin mədəni və ədəbi irsi, Azərbaycan xalqının bu sahələrdəki nailiyyətləri barədə ətraflı təhlil elmi faktlarla və mənbələr əsasında təqdim olunur.
“Azərbaycanın mədəniyyət paytaxtı”, eləcə də onun “incisi” və “mədəniyyət məbədi” olan Şuşa çoxsaylı azərbaycanlı tanınmış şair, yazıçı, musiqiçi və digər mədəniyyət xadimləri yetişdirib. Belə ki, 19-cu əsrin sonunda Şuşa və Qarabağda 95 şair və yazıçı, 38 xanəndə, 22 musiqişünas və 19 xəttat yaşayıb yaradıb. Kitabda bu ədiblərdən bəzilərinin məsələn, Molla Pənah Vaqif, Ağabəyim ağa Ağabacı, Aşıq Pəri, Xurşidbanu Natəvan, tarixçilər Mirzə Adıgözəlbəy, Mirzə Camal Cavanşir Qarabağlı, eləcə də digər ziyalılar Mir Mövsüm Nəvvab, Fatma xanım Kəminə, Üzeyir Hacıbəyov, Zülfüqar Hacıbəyov, Ceyhun bəy Hacıbəyov və Əbdürrəhim bəy Haqverdiyev yaradıcılığı əsasında Şuşa irsinin Azərbaycan xalqının milli-mənəvi dəyərləri əsasında bərqərar olmasına dair elmi dəlillər qərbli oxucuların diqqətinə təqdim edilib. Ən mühüm nəticə odur ki, beynəlxalq hüquq və siyasi nöqteyi-nəzərindən Azərbaycana məxsus Şuşa və Qarabağ Azərbaycanlı ədiblərin, musiqişünasların və digər çoxsaylı ziyalıların əsrlər boyu verdiyi misilsiz töhfə sayəsində ədəbiyyat, mədəniyyət və etnoqrafik irsə görə də Azərbaycan xalqına məxsusdur. Bunlara görə də kitabın yarım fəsillərindən birinə “Musiqili Şuşa-Azərbaycan Vyanası” başlığını vermişik. Şuşa həmçinin Azərbaycanın mədəniyyət tarixindəki əvəzsiz roluna görə dahi Volfqanq Qöthe və digər alman ədiblərinin Vətəni olan Vaymar ilə də müqayisə edilib.
Şuşa 28 il 6 ay işğala altında olduğu vaxt bu irsi silmək və təhrif etmək, Azərbaycan xalqından qoparmaq üçün çoxsaylı inanılmaz və absurd cəhdlər edilib. “Şuşa irsi” kitabı işğalçıların bu irsi silmək, təhrif və inkar etmək və bununla Azərbaycansız Şuşa və Qarabağ tarixi uydurmaq kimi cəfəng cəhdlərinə qarşı elmi dəlillər ortaya qoyub.
-Şuşa sözünün etimologiyası və Şuşa qalasının tarixi haqqında yazdıqlarınız çox maraqlıdır. Bir az ətraflı şərh edərdiniz?
Şuşa qalasının inşası Qarabağ xanlığının banisi Pənahəli xanın (1748-1763) adı ilə bağlıdır. Pənahəli xan Qarabağ xanlığının paytaxtı üçün əvvəlcə Bayat qalasını, sonra Şahbulaq qalasını inşa etdirib. Qarabağ və Şuşa xanı İbrahimxəlil (1763-1806) əvvəllər Pənahabad adlanan şəhərə Şuşa adını verib. Bunu İbrahimxəlil xanın hansı səbəbdən etdiyi barədə bizim dövrə müxtəlif versiyalar gəlib çatıb.
Ümumən Şuşa adının Qarabağ tarixində iki dəfə verilməsi də ehtimal edilir. Şuşa adında Qarabağda hələ 13-14-cü əsrlərdə balaca kənd olması da güman edilir. Bu yer böyük ehtimalla Şuşa qalasından təxminən 5 km aralıda yerləşən indiki Şuşakənd ərazisi ilə eyniləşdirilə bilər. Şuşakənd sözündəki kənd sözü Azərbaycan dilində kiçik şəhər və ya kənd mənasında olduğundan bu variant da ehtimal edilir ki, Şuşa və Şuşakənd ilkin mərhələdə bir-biri ilə bağlı olub.
Kitabda həmçinin əsaslandırılıb ki, Şuşa sözünün erməni dilində heç bir bilinәn etimologiyası yoxdur. Qarabağın xristian məlikliklərinin də ermənilərə aidiyyəti yoxdur.
-Siz Kitaba Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci ilin 8 noyabrında səsləndirdiyi “Əziz Şuşa, sən azadsan (...)” xalqa müraciətini proloq seçmişiniz... Şuşanın Azərbaycanın siyasi tarixində yerini və Azərbaycanın siyasi liderlərinin Şuşaya münasibətini necə dəyərləndirirsiniz?
Heç kәs Prezident İlham Әliyevin Şuşa şәhәrinә hәmişә xüsusi münasibәtinin olmasına vә mәxsusәn də 44 Günlük Vətən Müharibәsindә onun azad edilmәsindә әsas rol oynamsına şübhә edə bilmәz. Şuşa vә ümumilikdә Qarabağa şәxsi yaxınlığından, hәm dә Azәrbaycan Respublikasının Prezidenti vәzifәsindә o, Şuşanın son dövr tarixindә heç şübhәsiz әn vacib şәxsiyyәtlәrdәndir. “Әziz Şuşa, sәn azadsan...” sözlәrini hәm bu kimi fikirlәrdәn çıxış edərək, hәm dә Şuşanın indiki vәziyyәtinin bәlkә әn müxtәsәr tәsviri olduğu baxımından seçmişik. Şuşanın bənzərsiz mədəni-tarixi rolu şəhəri həmçinin siyasi münaqişələrin mərkəzinə çevirib. Məhz bu misilsiz tarixi statusa görə Şuşa və ətrafı 1992-ci ilin mayından 2020-ci ilin noyabrınadək, işğal altında olduğu zaman, Ermənistan tərəfindən güclü və sistematik dağıntıya məruz qalıb. Bu barədə çoxsaylı faktlar kitabda əksini tapıb. Buna görə də, 44 günlük Vətən müharibəsi zamanı Şuşanın işğaldan azad edilməsi və onun bərpası Azərbaycan üçün böyük simvolik və siyasi dəyər kəsb edir.
O ki qaldı Prezident İlham Әliyevin Şuşaya olan mәxsusi şəxsi әlaqәsinә, 1970-ci illərdə Heydər Əliyevin təşəbbüsü ilə “Şuşa şәhәrinin tarixi hissәsinin tarix-memarlıq qoruğu elan etmәk haqqında qәrar” qəbul edildi, Sovet dönəmində Heydər Əliyevin Şuşanın inkişafında xüsusi xidmətlərinin olması kitabda faktlarla açıqlanıb. 2021-ci ildə Prezident İlham Əliyev haqlı olaraq Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan etdi. Həmçinin 2021-ci ilin avqustunda Vaqif məqbərəsinin yenidən açılışı zamanı Azərbaycan Prezidentinin 59 yaşında olmasını Heydər Əliyevin də 1982-ci ildə 59 yaşında olması ilə etdiyi müqayisəsi kitabda “böyük rəmzi mənaya malik tarixin təkrarlanması” kimi dəyərləndirilib.
Bununla qərbli oxucuların qəbul edəcəyi bir formada əsaslandırıb ki, Qarabağ xanlığının mirası olan Şuşa Qarabağ xanlarından başlayaraq müstəqillik dövrünədək davamlı olaraq hakimiyyətdə olan Azərbaycanın liderlərinin siyasi qayğısı altında olub.
-600 səhifədən ibarət kitabın yazılmasında 600 dan çox ədəbiyyat və mənbədən istifadə etmisiniz. Bu çox böyük zəhmət tələb edən ciddi bir elmi tədqiqat işidir. Bu işlərdə Sizə dəstək olubmu?
Bəli, kifayət qədər həcmli olan kitabım yazılmasında alman, ingilis, fransız, rus, fars, Azərbaycan və türk dillərində olan mənbələrdən istifadə edilib, 1500 sitatla elmi fikirlər əsaslandırılıb. Bəzi vacib fotolar və xəritələr kitaba əlavə edilib. Kitabın hazırlanmasında və çapında uzunmüddətli dostluq və elmi əməkdaşlıq etdiyim Bakıdan iki şəxs, hansılar ki, adlarının çəkilməsini istəmirlər, mənə yaxından dəstək verib.