Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın növbəti iclası keçirilib.
"Unikal" xəbər verir ki, şuranın sədri, “Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyinin rəhbəri Anar Xəlilov iclasda hesabat məruzəsi ilə çıxış edib. Məruzədə şuranın birillik fəaliyyət dövrü əhatə olunub.
Ölkəmizdə qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində dövlət siyasətinin uğurla həyata keçirildiyi, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli hərbi-siyasi və diplomatik fəaliyyəti, rəşadətli ordumuzun qəhrəmanlığı nəticəsində torpaqlarımızın işğaldan azad edilməsindən sonra həmin ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinə başlandığı, otuz ilə yaxın didərginlik həyatı yaşayan həmvətənlərimizin ata-baba yurdlarına qayıdışına hazırlıq görüldüyü bildirilib.
Dövlətimizin başçısının, həmçinin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın məcburi köçkünlərə daim diqqət və qayğı göstərdiyi bir daha minnətdarlıq hissi ilə qeyd edilib.
Öz işini “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri əsasında quran və bir il əvvəlki seçkilərdə tərkibi yenilənən İctimai Şura ilə Dövlət Komitəsi arasında əlaqələrin daha da möhkəmləndiyi, məcburi köçkünlərin qarşılaşdıqları problemlərin həllinə ictimai dəstəyin təmin edilməsi üçün zəruri iş aparıldığı diqqətə çatdırılıb. Şura üzvləri vaxtaşırı məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerlərində, o cümlədən onlar üçün salınmış müasir tipli qəsəbə və yaşayış komplekslərində olur, müşahidələr aparır, görüşlər keçirirlər. Bu zaman aşkar edilən və qaldırılan problemlərin həlli Dövlət Komitəsinin müvafiq strukturları ilə birgə araşdırılır, mövcud qanunvericilik çərçivəsində öz həllini tapır. Operativ fəaliyyət üçün şura üzvləri və komitənin səlahiyyətli şəxslərindən ibarət WhatsApp qrupunun yaradıldığı, məcburi köçkünlərin müraciətlərinin dərhal cavablandırılması üçün bu imkandan səmərəli istifadə edildiyi bildirilib. Şuranın sosial şəbəkələrdəki hesabları isə məcburi köçkünlərlə aktiv əlaqə vasitəsidir.
İclasda iştirak edən Dövlət Komitəsinin sədri Rövşən Rzayev səmərəli fəaliyyət göstərdiklərinə görə şura üzvlərinə təşəkkür edib, onların rəy və təkliflərinin daim dəyərli olduğunu bildirib, məcburi köçkünlərlə bağlı işlərin həyata keçirilməsində ictimai iştirakçılığın mühüm əhəmiyyətini vurğulayıb. Hazırda məcburi köçkünlərin doğma yurda qayıdışa hazırlanmasının ən vacib məsələ olduğu qeyd olunub və bununla əlaqədar şura üzvləri ilə ətraflı fikir mübadiləsi aparılıb.
İclasda Anar Xəlilov İctimai Şura ilə səmərəli əməkdaşlıq edən komitə işçilərinə təşəkkür plaketi təqdim edib.