Bu gün Bakı Ekspo Mərkəzində 15-ci yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı (Caspian Agro 2022) və 27-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi (InterFood Azerbaijan) sərgiləri işə başlayıb.
"Unikal" xəbər verir ki, Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov, Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov, Türkiyənin kənd təsərrüfatı və meşə naziri Vahid Kirişçi, İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Oded Foreri, Gürcüstanın ətraf mühit və kənd təsərrüfatı nazirinin müavini George Xanişvili və digər ölkələrin rəsmi şəxsləri “Caspian Agro 2022” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olub.
Baş nazirə məlumat verilib ki, “Caspian Agro” Azərbaycanda kənd təsərrüfatı sahəsində ən böyük beynəlxalq sərgidir. Rekord sayda milli və regional stendlərin nümayiş olunduğu builki sərgilərdə 101 yerli, 348 xarici şirkət olmaqla ümumilikdə 24 ölkədən 449 şirkət iştirak edir. Sərgi Azərbaycan Respublikasının aqrar-sənaye kompleksində mütərəqqi texnologiyaların tətbiqi, kənd təsərrüfatı sahəsinin yerli və xarici mütəxəssisləri arasında təcrübə mübadiləsi, qarşılıqlı faydalı işgüzar əlaqələrin gücləndirilməsi üçün bazarda praktiki vasitə kimi özünü doğruldub. Sərgi kənd təsərrüfatı sektorunun ən əsas iştirakçılarını, yerli və xarici mütəxəssisləri, aralarında idxalçılar, ixracatçılar, distribyutorlar, topdan və pərakəndə satış təmsilçiləri, eləcə də fermerlərin yer aldığı minlərlə peşəkar ziyarətçini bir araya gətirib.
Bu il “Caspian Agro” sərgisi ağıllı kənd, süni intellekt, İT xidmətləri, pilotsuz uçuş aparatları (dronlar) kimi bölmələri əhatə edən “Smart Agro” istiqamətini təqdim edir. Sərgi çərçivəsində “Smart Agro: Kənd Təsərrüfatında İnnovasiyaların təbliği” mövzusunda konfrans keçirilib. Sərgidə “Smart Agro” çərçivəsində artıq icrasına başlanan və eləcə də işğaldan azad edilmiş Qarabağ ərazilərində həyata keçirilməsi planlaşdırılan layihələr təqdim olunub.
Qeyd edək ki, hər il təşkilatçılar regionlardan gələn fermerlər üçün sərgi üzrə turlar təşkil edirlər və bu tədbir çərçivəsində fermerlər ən son sənaye yenilikləri ilə tanış ola bilirlər. Bu il 40-a yaxın rayondan fermerlər üçün turlar təşkil olunub.
15-ci Yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro 2022” və 27-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan 2022” sərgilərində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə qida sənayesi və kənd təsərrüfatı sahələrində fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektləri öz məhsul və xidmətlərini təqdim edirlər.
“Caspian Agro 2022” və “InterFood Azerbaijan 2022” sərgiləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin aktiv dəstəyi və iştirakı ilə keçirilir. Sərgilər Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən dəstəklənir.
Sərgilər mayın 20-də başa çatacaq.