May ayının 23-də millət vəkili Novruz Aslanovun təşəbbüsü, Azərbaycan Vəkillər Kollegiyasının və İsmayıllı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə aztəminatlı rayon sakinləri üçün ödənişsiz hüquqi yardım aksiyası keçirilib.
"Unikal" xəbər verir ki, ksiyada millət vəkili Novruz Aslanov, İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov və “Pro Bono” vəkillər bürosunun vəkilləri iştirak edib.
Öncə İsmayıllı rayon İcra Hakimiyyətini başçısı Nahid Bağırov, millət vəkili Novruz Aslanov, Vəkillər Kollegiyasının sədri Anar Bağırov və vəkillər ulu öndər Heydər Əliyevin abidəsi qarşısına gül dəstələri qoyub və xatirəsini ehtiramla yad ediblər. Sonra tədbir İsmayıllı rayon Heydər Əliyev Mərkəzində davam edib. Vəkillər tərəfindən 40 vətəndaşa ödənişsiz hüquqi yardım göstərilib. Aksiyada iştirak edən sakinləri maraqlandıran suallar cavablandırılıb, mülki və sosial qanunvericiliyin müddəaları izah edilib, yazılı və şifahi zəruri məsləhətlər verilib. Müraciətlərin əksər hissəsi sosial təminat, ailə-məişət məsələləri, əmlakların özəlləşdirilməsi, bu sahədəki mübahisələr barədə olmuşdur.
Belə aksiyalar Vəkillər Kollegiyası tərəfindən digər rayonlarda da həyata keçirilir.
“Vətəndaşların hüquq sahəsində maarifləndirilməsi istiqamətində həyata keçirilən belə aksiyalar təqdirəlayiq haldır, həmçinin, vacib məsələlərdəndir. Bu aksiya hüquq sahəsində insanlara verilən dəstək olmaqla yanaşı, eyni zamanda onların üzləşdiyi problemlərin həllinə də kömək edəcəkdir. Vəkillər Kollegiyası bu işlərə öz töhfəsini verir. Bu aksiyanın təşkilinə görə rayon icra hakimiyyətinin başçısı Nahid Bağırova, Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırova və “Pro Bono” vəkillər bürosunun vəkillərinə bu nəcib işə vaxt ayırdıqlarına görə təşəkkür edirəm.” Bu sözləri millət vəkili Novruz Aslanov öz çıxışında bildirmişdir.