Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
"Unikal" xəbər verir ki, təbrikdə deyilir:
"Möhtərəm cənab Prezident.
Ölkənizin milli bayramı – 28 May - Müstəqillik Günü münasibətilə Türk Dövlətləri Təşkilatı adından və şəxsən öz adımdan Zati-alinizi və Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm.
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin öz müstəqilliyini elan etməsi ilə Türk və İslam dünyasında ilk demokratik respublikanın qurulması Azərbaycan xalqının tarixində dönüş nöqtəsi olmaqla yanaşı, digər xalqlara da bir örnək olmuşdur.
Müstəqilliyinin bərpasından ötən dövr ərzində siyasi, iqtisadi və sosial sahələrdə böyük irəliləyişlərə nail olan Azərbaycan Respublikası Zati-alinizin qətiyyətli liderliyi və müdrik siyasəti sayəsində daha da inkişaf etmiş, beynəlxalq aləmdə nüfuzunu möhkəmləndirmiş və regionun lider ölkəsinə çevrilmişdir.
Ölkənizin, regionun və bütün Türk dünyasının tarixində yeni səhifə açan 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının həmrəyliyi, birliyi və bərabərliyi ilə parlaq Zəfərin qazanılması bir daha göstərdi ki, məqsədyönlü və ardıcıl siyasətiniz sayəsində Azərbaycan durmadan güclənir və inkişaf edir, beynəlxalq münasibətlər sistemində tutduğu layiqli yerini daha da möhkəmləndirir.
Türk Dövlətləri Təşkilatına daim göstərdiyiniz hərtərəfli diqqət və dəstəyə görə Sizə bir daha dərin minnətdarlığımı bildirirəm. Əminliklə qeyd etmək istərdim ki, Türk dövlətləri arasındakı əməkdaşlıq daha da dərinləşəcək və təşkilatımız yeni-yeni uğurlara imza atacaqdır.
Bu əlamətdar gün münasibətilə yaranmış fürsətdən istifadə edərək, Zati-alinizə davamlı uğurlar arzulayır, bütün Azərbaycan xalqına rifah, tərəqqi və xoşbəxtlik diləyirəm".