Serbiya Prezidenti Aleksandar Vuçiç Prezident İlham Əliyevə təbrik ünvanlayıb.
"Unikal" xəbər verir ki, təbrik məktubunda deyilir:
"Azərbaycanın Müstəqillik Günü münasibətilə Serbiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi çatdırır, ölkənizə tərəqqi, xalqınıza yüksək rifah diləyirəm.
Əminəm ki, biz qarşıdakı aylarda bütün səviyyələrdə dialoqu davam etdirəcəyik və Sizin Serbiya Respublikasına həyata keçiriləcək səfəriniz ikitərəfli əməkdaşlığımızın inkişafı baxımından xüsusi əhəmiyyət daşıyacaq. Bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyini qeyd etdiyimizi nəzərə alsaq, Sizin səfəriniz bu baxımdan müstəsna əhəmiyyət kəsb edəcək.
Məmnunluqla qeyd etmək istərdim ki, keçən il yaxşı əlaqələndirilmiş birgə səylər nəticəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığın möhkəmləndirilməsi baxımından nəzərəçarpan irəliləyiş əldə etmişik. Bu, strateji tərəfdaşlığımızın yüksək səviyyəsindən xəbər verir.
Fürsətdən istifadə edərək, iqtisadi əməkdaşlığımızın möhkəmləndirilməsi istiqamətində səylərin daha da artırılmasının zəruriliyini, bu prosesdə ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın xüsusi rolunu vurğulamaq istəyirəm.
İcazə verin, Serbiyanın ərazi bütövlüyünün və suverenliyinin dəstəklənməsində Azərbaycanın göstərdiyi prinsipial mövqeyə görə bir daha Sizə təşəkkürümü bildirim. Bizim üçün böyük önəm daşıyan bu məsələ ilə bağlı Azərbaycan Respublikasının dəyişməz mövqeyi ölkənizin beynəlxalq hüququn əsas prinsiplərinə daimi sadiqliyinin bariz nümunəsidir.
Cənab Prezident, Sizə bir daha dərin ehtiramımı ifadə edirəm".