Təhsil Nazirliyinin köhnə “priyomu”: şantaj
11:38 26-02-2013
CƏMİYYƏT
Ekspert Əlövsət Osmanlı: “Bəlkə, Şahbazlı şantajın bu il də baş tutacağına ümid edir?”
Son günlər ümumtəhsil məktəbləri dərsliklərinin ətrafında cərəyan edən hadisələr mətbuatın gündəmindən düşmür ki, düşmür. TQDK-nın I və III sinif dərsliklərindən 5-nə “tədrisə yarasız” rəyi verməsi məsələni daha da qəlizləşdirib. “Bundan sonra necə olacaq?”, “Şagirdlər “yararsız” damğası vurulmuş dərsliklərdən necə istifadə edəcəklər?”, “Bu dərsliklər əsasında qurulmuş təlimin keyfiyyəti necə ola bilər?” kimi suallar indi hamını düşündürməkdədir...
Adının çəkilməsini istəməyən bir nəşriyyat rəhbəri dərsliklərin nəşri ilə bağlı redaksiyamıza ilginc məlumat verib. Belə ki, onun nəşriyyatı da bu il çapı nəzərdə tutulan II sinif dərsliklərinin müsabiqə-tenderində iştirak etmək niyyətində imiş. Hətta indiyədək müsabiqəyə təqdim olunacaq 3 dərsliyin hazırlanmasına xeyli vəsait də sərf edibmiş. Lakin Təhsil Nazirliyinin dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlının fevralın 24-də ATV kanalının “Həftə sonu” proqramında çıxışından sonra o, bu işə baş qoşmağın əbləhlik olduğunu bildirib:
“Adam heç bir qorxu-hürkü və utanc hissi keçirmədən deyir: “Bu il 2-ci sinif dərsliklərini çap edəcəyik. Ona görə dayanmışıq ki, TQDK bu dərsliklərə münasibətini bildirsin, rəyini göndərsin, əsl məqam 2-ci sinif üçündür”. Sadə dillə deyilsə, bu, o anlama gəlir ki, müsabiqə-zad boş şeylərdir, kim nə deyir-desin, biz tədrisdə olan kitabları təzədən çap edəcəyik, TQDK bu dərsliklərə aid rəylərini versin, əyər-əskiyini düzəldərək yenidən çap edək, vəssalam-şüttamam!”.
Deyilənlər sırf nəşriyyat işi ilə bağlı oduğundan tanınmış naşir, riyaziyyat üzrə fəlsəfə doktoru Əlövsət Osmanlıya müraciət etdik. O, dedi: “Nəşriyyat direktoru ilə tamamilə razıyam. Şahbazlının dediyindən çıxan ancaq budur. Əks halda, nazirliyin TQDK-nın
rəyini dayanıb gözləməsinə nə lüzum vardı? Niyə gedib müsabiqə-tender haqqında elan vermirlər? Bədbəxt naşirləri nə qədər qeyri-müəyyənlik içərisində saxlayıb bezdirəcəklər? Nazirlik üçün nə fərqi var ki, müsabiqəyə kimin dərsliyi təqdim olunacaq? Hər il müsabiqə-tender sentyabr ayında elan edilirdi. Hər kəs də öz imkanını götür-qoy edərək bu prosesdə iştirak edib-etməyəcəyini müəyyənləşdirirdi. İndi fevral ayı qurtarır, ortada isə heç nə yoxdur. Bu naşirlər yazıq deyilmi, külli miqdarda vəsait sərf edirlər, amma özləri də bilmirlər ki, bundan sonra təhsil məmurları onların qarşısına hansı şərtləri qoyacaqlar? Şərtlər iştiraka imkan verməsə, sərf olunan əmək, xərclənən vəsait necə olacaq? Bəli, onlar vəziyyəti elə hala gətirmək istəyirlər ki, seytnot yaransın və nəticədə hökuməti və ictimai fikri şantaj etmək asan olsun. Sonra da çıxıb desinlər ki, ortada başqa dərslik yoxdur, əldə olan isə TQDK-nın rəyləri əsasında təzədən işlənmiş köhnə dərslikdir, uşaqların dərsliksiz qalmaması üçün icazə verin bir mənbədən satınalma yolu ilə onu çap edək.
Şantaj Təhsil Nazirliyinin köhnə priyomudur. Yəqin oxucuların yadından çıxmayıb, ötən il müsabiqədən sonra qiymətləndirmənin nəticələrinə etiraz edən nəşriyyatlardan biri məhkəməyə müraciət etmişdi. Onda Təhsil Nazirliyi yetkilisi mətbuata çıxıb məhkəməni şantaj edirmiş kimi, beləcə də demişdi: “Sentyabr ayının 15-nə qədər dərsliklər hazır olmasa, ölkədə üsyan baş verər!”. Amma o zaman heç kim onun yaxasından tutub soruşmadı ki, ey məmur, bu üsyan vəziyyətini yaradan siz deyilsinizmi?! Bəlkə, Şahbazlı şantajın bu il də baş tutacağına ümid edir? Amma mən buna inanmıram”.
Digər Xəbərlər
2024-11-23 09:40:24
2024-11-23 09:23:00
2024-11-23 09:13:51
2024-11-23 08:53:12
2024-11-22 23:33:36
2024-11-22 22:48:30
2024-11-22 20:35:08
2024-11-22 19:38:04
2024-11-22 18:45:14
2024-11-22 18:41:19
2024-11-22 18:05:14
2024-11-22 17:54:00
2024-11-22 17:28:04
2024-11-22 16:55:08
2024-11-22 16:46:45
2024-11-22 16:39:35
2024-11-22 16:28:54
2024-11-22 16:27:05