AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimov “TEKNOFEST Azərbaycan” festivalında Akademiyanın iştirakının nəticələrinə həsr olunmuş AMEA-nın Rəyasət Heyətinin xüsusi iclasında çıxış edib.
"Unikal" xəbər verir ki, o, 2022-ci ilin 26-29 may tarixlərində paytaxt Bakının Türkiyə və Azərbaycan dostluğu və qardaşlığının parlaq təzahürü olan “TEKNOFEST Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya festivalına ev sahibliyi etdiyini xatırladıb. Alim bildirib ki, Azərbaycanın Qarabağda tarixi Zəfərindən sonra bölgədə və regionda, o cümlədən dünyada yaranmış yeni reallıqlar, yeni siyasi konfiqurasiyalar kontekstində belə bir mesajın böyük siyasi əhəmiyyəti var. Türkiyə-Azərbaycan dostluq və qardaşlığını bütün dünyaya bir daha nümayiş etdirən mötəbər tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın nitqlərində ifadə olunan dostluq, qardaşlıq və strateji tərəfdaşlıq mesajları bütün türk dünyası üçün yeni bir inkişaf mərhələsinin başlanmasından xəbər verir.
“Müasir zamanın çağırışlarına uyğun olaraq elm, texnologiya və innovasiyaların təşviq edilməsi, ölkədə texnoloji suverenliyin təmin olunmasının vacibliyinə diqqətin yönəldilməsi məqsədi daşıyan festivalda Azərbaycan Milli Elmlər Akademiyası pavilyonla iştirak edirdi. AMEA-nın pavilyonunda Akademiyanın bir sıra elmi müəssisə və təşkilatlarının innovativ texnologiyaları, məhsul və həlləri nümayiş olunurdu”, – deyə akademik Arif Həşimov bildirib. Qeyd edib ki, tədbir çərçivəsində Türkiyə və Azərbaycanın nüfuzlu dövlət və hökumət nümayəndələri, hər iki ölkənin elm və təhsil ictimaiyyətini təmsil edən şəxslər, çoxsaylı şagird və tələbələr, sadə vətəndaşlar AMEA-nın pavilyonunu ziyarət etmiş, burada nümayiş olunan məhsulları böyük maraqla qarşılamışlar.
Onun sözlərinə görə, elmin və texnologiyaların populyarlaşdırılması, Azərbaycanda aerokosmik texnologiyalar, müdafiə sənayesi və innovativ sahibkarlıq kimi sahələrin geniş təbliğ edilməsi, rəqəmsal bilik və bacarıqlara malik istedadlı gənclərə dəstək göstərilməsi, ölkədə kadr potensialının gücləndirilməsi və milli texnoloji həllərin inkişafı üçün zəmin yaradılması festivalın əsas hədəfləri sırasında idi. “TEKNOFEST Azərbaycan” ölkədə elmi-innovativ fəaliyyətin təşkili, türk dünyası ilə əməkdaşlıq əlaqələrinin inkişafı, texnoloji transfer və s. istiqamətlərdə Azərbaycan elmi qarşısında bir sıra yeni vəzifələr müəyyənləşdirib.
Akademik Arif Həşimov festival çərçivəsində türkiyəli həmkarlarla, Türkiyə Elmlər Akademiyası və TÜBİTAK-ın rəhbərliyi ilə bir sıra rəsmi işgüzar görüşlərin keçirildiyini, qarşılıqlı əməkdaşlıqla bağlı mühüm məsələlərin müzakirə edildiyini nəzərə çatdırıb. O, bu görüşlərin Türkiyə və Azərbaycan arasında elmi əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində, xüsusən yüksək texnologiyaların inkişafında mühüm rol oynayacağına əminliyini ifadə edib.
Festivalda həm Türkiyə, həm də Azərbaycan tərəfindən gənc nəslin nümayəndələrinin, şagird və tələbələrin, adi vətəndaşların iştirak etdiyini söyləyən alim “TEKNOFEST”in həmin şagird və tələbələrin ixtisas və peşə seçiminə həlledici təsir göstərəcəyinə, bir çox alim və mühəndislərin yetişməsinə səbəb olacağına inamını bildirib.
Natiq çıxışının sonunda AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyevin sədrliyi ilə fəaliyyət göstərən İşçi qrupuna, festivalda təmsil olunan AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu, İdarəetmə Sistemləri İnstitutu, Riyaziyyat və Mexanika İnstitutu, Radiasiya Problemləri İnstitutu, Biofizika İnstitutu və Neft-Kimya Prosesləri İnstitutunun rəhbərləri və əməkdaşlarına, AMEA-nın Yüksək Texnologiyalar Parkının rezidentlərinə, AMEA-nın Rəyasət Heyəti aparatının İnformasiya şöbəsinə və İşlər idarəsinə tədbirin təşkili və keçirilməsində fəal iştirakına, AMEA-nın “TEKNOFEST Azərbaycan”da yüksək səviyyədə təmsil olunmasına görə, Akademiyanın Rəyasət Heyəti adından təşəkkürünü bildirib.