Azərbaycan Respublikasının Baş Prokurorluğu və İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidmətinin vəzifəli şəxslərinin həbsi ilə bağlı birgə məlumat yayıb.
"Unikal" xəbər verir ki, məlumatda deyilir:
“Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və bir sıra rayonların bələdiyyələrin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə əlaqədar həmin Nazirlikdən daxil olmuş məlumat əsasında keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Aparılmış əməliyyat-istintaq tədbirləri ilə 2020-2022-ci illər ərzində Dövlət Xidmətinin Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin Torpaq bazarının təşkili sektorunun müdiri vəzifəsində işləyən İldırım Məmmədovun həmin sektorun baş məsləhətçisi Əsəd Nəsibov, Xidmətin Şəki ərazi şöbəsinin rəisi Mübariz Paşayev, Qazax ərazi şöbəsinin rəisi Ehtiram Eyvazov, Beyləqan rayon şöbəsinin rəisi Elsevər Paşayev, eləcə də bələdiyyələrin və digər aidiyyəti qurumların vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olaraq xidməti vəzifələrinin icrası ilə əlaqədar müvafiq ərazi şöbələrinin yurisdiksiyasına daxil olan ərazilər üzrə bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə, icarəyə verilməsinə dair müsbət rəyin verilməsinə görə ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitlərini rüşvət qismində almalarına və vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış sübutlar əsasında İldırım Məmmədov, Əsəd Nəsibov, Mübariz Paşayev, Ehtiram Eyvazov və Elsevər Paşayevə Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə bu və digər xüsusatların tam, hərtərəfli yoxlanılmaqla digər təqsirli şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.