Millət vəkili Vahid Əhmədov növbəti dəfə Quba şəhərində yerləşən ofisində seçiciləri ilə görüşərək onları qəbul edib.
"Unikal" xəbər verir ki, görüş zamanı deputatın Milli Məclisdəki fəaliyyəti ilə tanış olan tədbir iştirakçıları millət vəkilininin fəaliyyətini yüksək qiymətləndirib, onları narahat edən məsələlərin ən yüksək səviyyədə həllində köməklik göstərdiyinə görə deputata öz minnətdarlığınlı bildiriblər. Xüsusilə Bakı-Quba yolunun yenidən qurulmasına görə Prezident İlham Əliyevə və təşəbbüskarı kimi çıxış etdiyinə görə millət vəkili Vahid Əhmədova xüsusi minnətdarlıq edilib. Qeyd edilib ki, bu gün Quba və ətraf rayonlar üçün İkinci ən vacib məsələ işsizliyin aradan qaldırılması, yeni iş yerlərinin açılması ilə bağlıdır. Təəsüflə qeyd olunub ki, hər cür imkanları olan Quba kimi bir rayonda gənclərin çox hissəsi bu gün işsizlikdən böyük əziyyət çəkir, sarsıntılara məruz qalaraq qanunlara zid hərəkətlərə yol verirlər. Utanverici haldır ki, bəzi hallarda qazilərin də işlə bağlı müraciətləri də öz həllini tapmır. Seçicilər Millət vəkilinin işsizliyin aradan qaldırılması üçün bu yaxınlarda Milli Məslisdə çıxış edərək Quba bölgəsində Azad İqtisadi zonanın yaradılması təklifini çox bəyəndiklərini bildirib və bu təklifin hamı tərəfindən dəstəklənməsinə çağırış ediblər.
Qəbulda iştirak edən Quba və ətraf rayonlardan gəlmiş 102 nəfər sakinin böyük əksəriyyəti yuxarıda qeyd edildiyi kimi işsizlik, torpaq sahələrinin alınması və alınandan sonra qeydiyyata salınması zamanı yaranan problemlər, bir çox kəndlərdə içməli suyun olmaması, yolların çəkilməsi və abadlaşdırılması, bağçılıqda olan problemlər, maddi çətnliklər, əlilliyin alınması zamanı çox hallarda verənin və qəbul edənin 88 nömrəli forma ilə bağlı vətəndaşa aid olmayan və süründürməçiliyə səbəb olan qarşılıqlı ittihamları, xəstələrin müalicəsinin təşkili və s. bu kimi məsələlər səsləndirərək həlli üçün deputatlardan kömək istəyiblər. Həmin məsələlərin yerindəcə həll edilməsinə üstünlük verilib, digər müraciətlər deputatın tapşırığı əsasında köməkçi tərəfindən nəzarətə götürülüb, aidiyyəti mərkəzı təşkilatlara müraciətlərin hazırlanması tapşırığı verilib.
Qəbuldan sonra millət vəkili "Şuşa ili"nə həsr olunmuş "Oxu bayramı" adlı tədbirdə iştirak edərək çıxış etmişdir. Tədbirdən sonra deputatın rayonun icra hakimiyətinin rəhbərliyi ilə görüşü olub, seçicilərin qaldırdığı problemlər barəsində fikir mübadiləsi aparılıb.