İyunun 3-də Lənkəran ŞİH başçısı Taleh Qaraşovun Boladi kənd inzibati ərazi dairəsindəsəyyar qəbul keçirib.
"Unikal" xəbər verir ki, icra hakimiyyəti aparatının məsul şəxslərinin, rayonun hüquq mühafizə orqanlarının rəhbərlərinin, eyni zamanda, yerli idarə və müəssisələrin nümayəndələrinin qəbul-görüşdə iştirakı qaldırılan məsələlərin həllinə daha çevik yanaşmanı təmin edib.
Torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad olunduğu qəbul-görüşdə Lənkəran ŞİH başçısı Taleh Qaraşov çıxış edərək bildirib ki, bu səpkili görüşlərin yerlərdə keçirilməsində məqsəd vətəndaşları birbaşa dinləmək, onları narahat edən problemlərin həllinə köməklik göstərməkdir. Şəhid ailələri, qazilər və Vətən müharibəsi iştirakçılarına xüsusi həssaslıqla yanaşan İcra başçısı ilk öncə onları dinləyib, qayğı və problemləri ilə maraqlanıb, onları narahat edən və İcra hakimiyyətinin səlahiyyətlərinə aid bütün məsələlərin həlli ilə bağlı yerindəcə göstərişlərini verib, İcra hakimiyyətinin səlahiyyətlərinə aid olmayan məsələlər barədə aidiyyəti qurumlara rəsmi müraciət ünvanlanmasını və nəticəsi barədə vətəndaşın məlumatlandırılmasını tapşırıb. Qarşılıqlı dialoq formatında keçən qəbul-görüşdən yerli insanlar məmnunluqlarını ifadə ediblər.
Kənd sakinləri vətəndaşla dövlət məmuru arasındakı yeni və birbaşa dialoq mühitinin formalaşmasına, onların qayğı və problemlərinin həllinə yönəlik çevik addımların atılmasına, qaldırdıqları istənilən məsələyə operativ və obyektiv yanaşmanın ortaya qoyulmasına, habelə hazırda dünyanın ərzaq qıtlığı ilə mübarizə apardığı bir dövrdə ölkəmizdə belə halın baş verməməsinə görə dövlətimizin başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya səmimi təşəkkürlərini ifadə ediblər.