Ramiz

“Heç kim mənə göstəriş verməyib, tapşırıq verməyib. Heç bir təzyiq olmayıb”

Bunu Modern.az-a bu gün ərizə yazaraq Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi Kinematoqrafçılar İttifaqından istefa verən tanınmış aktyor və rejissor Ramiz Əzizbəyli deyib. Aktyor bildirib ki, bəlli bir münasibət olmalıdır:

“Əslində mən ərizəmi çoxdan yazmışam, təzəlikcə də bunu rəsmiləşdirmişəm. Heç kim mənə göstəriş verməyib, tapşırıq verməyib. Heç bir təzyiq olmayıb. Ümumiyyətlə, mən nə yuxarıların, nə aşağıların yadına düşürəm. Mən orta xalqın nümayəndəsiyəm. Öz xoşumla yazmışam ərizəni. İttifaqın üzvü olanda bu barədə heç kim yazmırdı. Qəribədir ki, indi ərizə yazıb çıxmaq istəyəndə hamı yazır. Sadəcə olaraq birinci katib özü fəaliyyətsizlikdən ərizə yazıb işdən çıxıbsa, deməli iş getmir. Sədrlə də, katiblə də görüşüm olmur. Mən qalmışdım havada”.

Aktyor daha sonra bildirib: “İttifaqdan çıxmağım şəxsi bir istəkdir. Odur ki, istəyərəm gedərəm, istəmərəm getmərəm”.

Digər alternativ təşkilatın üzvü olmayan Ramiz Əzizbəyli qeyd edib ki, üzünə yaxşı baxsalar, bir fəaliyyət, enerjili bir iş başlasa, qayğılarını göstərsələr, mümkündür ki, başqa bir yerə üzv olsun:

“Amma bu biri İttifaqdan heç kimlə üz-göz olmamışam. Sadəcə olaraq işləmirəm, mənə iş vermirlər, film çəkməyimin tələbini aparmırlar. Düzdür, onlar kino verən deyillər. Amma bizim müdafiəmizə qalxmalıdırlar. Gördüm unudulmuşam. Unudulmaqdansa elə çıxaram”.