İyunun 3-də Azərbaycan Dillər Universitetində Sakarya Universitetinin və Bandırma Universitetinin rəhbər heyəti ilə görüş keçirilib.
"Unikal" xəbər verir ki, ADU-nun Elmi işlər üzrə prorektoru, professor Novruz Məmmədov qonaqları universitetdə görməkdə məmnun olduğunu bildirib. İki ölkə arasında olan müxtəlif sahələrdə aparılan uğurlu əməkdaşlığın ildən-ilə yüksək inkişaf etdiyi söylənilib. Qarşılıqlı əməkdaşlığın bundan sonra da davam etdirilməsinin vacibliyi önə çəkilib.
ADU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, millət vəkili Tamam Cəfərova Azərbaycan-Türkiyə əlaqələrinin bütün sahələrdə olduğu kimi təhsildə də yüksək səviyyədə olduğunu qeyd edib. Prorektor qonaqlara Azərbaycan Dillər Universitetinin fəaliyyəti və hədəfləri barədə ətraflı məlumat verib. Qeyd edib ki, universitetin kadr potensialı və maddi-texniki bazası yüksək səviyyədədir.
ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Jalə Qəribova Azərbaycan Dillər Universitetinin beynəlxalq müstəvidə kifayət qədər önəmli və faydalı əməkdaşlıq münasibətlərinin olduğunu söyləyib. Bu münasibətlərin özünü müəllim-tələbə mübadiləsində, qarşılıqlı təcrübə proqramlarında göstərdiyi vurğulanıb.
ADU-nun Tədris işləri üzrə prorektoru, professor Sevinc Zeynalova tədris sahəsində aparılan uğurlu islahatlardan, gənc kadların hazırlanmasından və beynəlxalq əlaqələrin qurulmasından danışıb. Qeyd olunub ki, tədris tələbə-müəllim heyətinin bilik və bacarıqlarının artırılması, peşəkar bacarıqlarının inkişafı yönündə aparılır.
Sakarya Universitetinin rektoru Mehmet Sarıbıyık qonaqpərvərliyə görə öz təşəkkürün bildirib, Azərbaycanı özlərinə doğma vətənləri kimi qəbul etdiyini söyləyib. ADU ilə əməkdaşlıqda maraqlı olduqlarını söyləyən rektor, qarşılıqlı əməkdaşlığın faydasından söhbət açıb. Müəllim-tələbə mübadiləsinin yeni inkişaf istiqamətlərinin detalları açıqlanıb.
Bandırma Universitetinin rektoru, professor Süleyman Özdemir xoş qarşılanmaya görə universitet rəhbərliyinə minnətdarlığını bildirib. Universitetlər arasında qurulan elmi əməkdaşlığın perspektivlərindən danışılıb. Qeyd olunub ki, əməkdaşlıq çərçivəsində müəllim–tələbə mübadiləsi, birgə elmi konfranslar, seminarlar və s. kimi fəaliyyətlər həyata keçiriləcək.
Sonda universitet rəhbərlikləri arasında anlaşma memorandumu imzalanıb.