“Çin: Cəmiyyət və Mədəniyyət” adlı onlayn yay lektoriyası çərçivəsində Azərbaycan Dillər Universitetinin Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov “Ənənəvi Çin bayramı Duan-u” mövzusunda mühazirə oxuyub. Bu bayramın yaranması Çin tarixinin ilk məşhur lirik şairi, Çin müəllif poeziyasının banisi və Çin mədəniyyətində vətənpərvərlik rəmzi olan – Tsui Yuanın xatirəsi ilə bağlıdır.
"Unikal" xəbər verir ki, R.Abbasov bayramın tarixindən, maraqlı adət-ənənələrindən, həmçinin iştirakçıların əjdaha təsvirli qayıqlarda avarçəkmə üzrə festivalda yarışdığı bu gün barədə geniş məlumat verib.
R.Abbasov Çində “Duan-u” bayramının “Şair Günü“ kimi qəbul edildiyini xatırladaraq, bayramın yüksək insani hiss-həyəcanlar, dərin düşüncələr, fəlsəfi ümumiləşdirmələr, ulduzların, fəsillərin, suyun, çiçəklərin bədii rəmzləri ilə dolu ənənəvi dəyərlərə, eləcə də böyüklərə hörmət, ailəyə qayğı, dostluq və sədaqət ilə dolu Çin poeziyası haqqında məlumat verib.
O, Heydər Əliyev Fondunun vitse-prezidenti, “Baku” jurnalının baş redaktoru Leyla Əliyevanın “Çin səddi” şeirini Çin dilində söyləyib. R. Abbasov klassik poeziyanın əsas ənənəvi üslubları olan Şi, Qi, Ge, Qu, Fu və məşhur Azərbaycan şairləri - Süleyman Rüstəm, Rəsul Rza, Teymur Elçin, Hüseyn Arifin Çinə həsr etdikləri əsərlərindən də söz açıb.
Sonda Tan sülaləsi dövründə Çin poeziyasının görkəmli nümayəndələrinin Li Bo və Du Fu həyat və yaradıcılığından bəhs edən filmlər nümayiş olunub.