İyulun 6-da Gəncə şəhərində “AQRO: Beynəlxalq Kənd Təsərrüfatı Konqresi” öz işinə başlayıb.
"Unikal" xəbər verir ki, 3 gün davam edəcək onlayn tədbirin təşkilatçıları AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi, Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərən İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutu (İKSAD), Azərbaycan Dövlət Aqrar Universiteti, EGE Universitetinin Aqrar fakültəsidir.
Hibrid formada keçirilən konqresin fəxri sədrləri AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova və Egey Universitetinin rektoru, prof. Dr. Necdet Budak, elmi təşkilat komitəsinin sədri Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovdur. Konqresin işinə 11 ölkədən 130-dan çox məruzəçi qoşulub.
Konfransın onlayn formatda təşkil edilmiş açılış mərasimində ilk olaraq çıxış edən akademik İradə Hüseynova həm AMEA-nın prezidenti v.i.e. akademik Arif Həşimovun, həm də öz adından iştirakçıları salamlayıb. Natiq bildirib ki, son bir ildə IKSAD-la birgə 5 beynəlxalq konqres təşkil edilib. Tətbiqi elmlərə həsr edilmiş növbəti konqresin açılışı isə 8 iyunda Şuşada baş tutacaq.
Son illərdə COVID-19, regional münaqişələr və təbii fəlakətlərlə əlaqədar dünyada aclıqdan əziyyət çəkən insanların sayında sürətli artımın qeydə alındığına diqqət çəkən akademik İradə Hüseynova ərzaq və qida təhlükəsizliyinin təmin olunması üçün biologiya və aqrar elmlərin, eləcə də bu sahəyə yardım göstərən digər elm sahələrinin məqsədyönlü inkişafının ən vacib şərt olduğunu vurğulayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müxtəlif tədbirlərdə etdiyi çıxışlarda aqrar sahə ilə bağlı problemlərin elmi həllərinin axtarılmasının vacibliyi bütün kəskinliyi ilə qoyulub. Cənab Prezident Azərbaycanın ərzaqlıq buğda ilə daxili təminatını 25 faizdən 70-75 faizə çatdırmağı vəzifə olaraq qarşıya qoyub. Bu vəzifənin icrası üçün isə yüksək məhsuldar, keyfiyyətli, davamlı sortlar yaradılmalı, suvarma suyu, suvarma sistemləri, gübrələr və bu kimi digər məsələlərin həlli, torpaqlardan istifadənin səmərəliliyinin artırılması üzrə tədqiqatlar intensivləşdirilməlidir.
Çıxışının sonunda akademik İradə Hüseynova konqresin işinə bir daha uğurlar arzulayıb və növbəti çıxış üçün sözü AMEA-nın müxbir üzvü İbrahim Cəfərova verib.
Konqres iştirakçılarını və qonaqları salamlayan İbrahim Cəfərov isə iqlim dəyişmələri, regional silahlı münaqişələr və s. səbəblərdən ərzaq təhlükəsizliyi probleminin kəskinləşdiyi bir dövrdə aqrar tədqiqatlara, müvafiq kadr hazırlığına olan ehtiyaclardan danışıb. Natiq ekoloji təmiz məhsul istehsalının, inteqrir bitki mühafizəsi məsələlərinin ciddi tədqiq edilməsinin vacibliyinə diqqət çəkib.
Sonra Egey Universitetinin rektoru, prof. Dr. Necdet Budak və İKSAD-ın nümayəndəsi çıxış edərək konqres iştirakçılarına öz salamlarını çatdırmaqla, müzakirə ediləcək məsələlərə öz münasibətlərini bildiriblər.
Qısa fasilədən sonra konqres öz işinə elmi seksiyalarda davam etdirib.
Həmçinin, ADAU-nun rektoru İbrahim Cəfərov və elmi işlər üzrə prorektor Azad İbrahimova Türkiyədə fəaliyyət göstərən İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutunun (IKSAD) təşəkkür plaketləri IKSAD-ın ali komissiyasının üzvü, iqtisad üzrə fəlsəfə doktoru Raqif Hüseynov tərəfindən təqdim olunub.