7 iyun 2022-ci il tarixdə Ağdaş rayonunun Qaradeyin kəndində Vətən müharibəsi şəhidi Məsimov Əkbər Yunus oğlunun ildönümü mərasimi keçirilib.
"Unikal" xəbər verir ki, mərasimdə Yeni Azərbayan Pariyası İdarə Heyətinin üzvü, millət vəkili Cavid Osmanov, YAP Ağdaş rayon təşkilatı sədri Əlişah Rəcəbov və partiya fəalları, İcra Hakimiyyətinin və rayon ictimaiyyətinin nümayəndələri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları iştirak ediblər.
Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidimizin əziz xatirəsi ehtiramla anılıb, ruhuna dualar oxunulub, döyüş yolu barədə söhbət açılıb, anasına başsağlığı verilibdir.
Məsimov Əkbər Yunus oğlu 5 oktyabr 1994-cü ildə Ağdaş rayonunun Qaradeyin kəndində anadan olmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Əkbər Məsimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Əkbər Məsimov sentyabrın 27-də Murovdağ istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. 7 iyun 2021-ci ildə Əkbər Məsimovun nəşi tapılıb və həmin gün Ağdaş rayonunun Qaradeyin kəndində dəfn olunmuşdur. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur.