Rəsmi statistikaya əsasən, 2019-cu ilə nisbətən 2020-ci ildə nikahların sayı təxminən iki dəfə azalsa da, boşanma hallarının sayı demək olar ki, dəyişməyib.
"Unikal" xəbər verir ki, bunu Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva deyib.
Onun sözlərinə görə, boşanmalar bir sıra hallarda o qədər adi hala çevrilir ki, artıq ailədaxili problemlərin həllində ümumi qəbul edilmiş vasitə hesab olunur.
"Lakin boşanmalar da bir çox hallarda problemsiz ötüşmür. Həmin ərəfədə tərəflər o qədər neqativ emosiyalara qapanırlar ki, artıq hüquqazidd hərəkətlər etməyə başlayır, bir çox hallarda uşaqların hüquqi maraq və mənafelərini nəzərə almırlar. Bu kimi hallar xüsusən uşaqların kimin himayəsində qalması, harada yaşaması, ünsiyyət hüququnun təmin edilməsi və aliment ödənişlərinin təyin olunması zamanı özünü büruzə verir".