İyunun 7-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib.
"Unikal" xəbər verir ki, Komitə sədri əvvəlcədən növbəlilik əsasında qəbula yazılmış vətəndaşların müraciətlərini dinləyib, suallarını cavablandırıb.
Prezident İlham Əliyevin məcburi köçkünlərə daim diqqət və qayğı göstərdiyi, artıq onların doğma yurda qayıdışına hazırlıq görüldüyü, azad edilmiş ərazilərdə bu məqsədlə təhlükəsizlik tədbirlərinin həyata keçirildiyi, infrastruktur layihələrinin icra olunduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, Birinci vitse-prezident xanım Mehriban Əliyeva məcburi köçkünlərlə bağlı məsələlərin həllini nəzarətdə saxlayır, onların müraciətlərinə xüsusi həssaslıqla yanaşır.
Komitə sədrinin fərdi qaydada qəbul etdiyi məcburi köçkünlərin müraciətləri, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət, məşğulluq, işğaldan azad olunmuş ərazilərə qayıdış və digər məsələlərlə əlaqədar olub. Vətəndaşlara bildirilib ki, müraciətləri və qaldırdıqları məsələlər araşdırılacaq, qanunvericiliyə uyğun şəkildə həll ediləcəkdir.
“Yüksəliş” müsabiqəsinin mentorluq proqramına uyğun olaraq, bu müsabiqənin qalibi Xamis Seyranov da vətəndaşların qəbulunda iştirak edib. Dövlət Komitəsində “Yüksəliş” müsabiqəsinin qalibi ilə mentorluq proqramı ötən ilin oktyabr ayından icra edilir. Komitə sədri mentorluq etdiyi Xamis Seyranovla mütəmadi olaraq görüşür, müvafiq fəaliyyət planına uyğun olaraq, öz idarəçilik təcrübəsini onunla bölüşür, şəxsi inkişaf məsələlərinə dair məsləhətlər verir. Dövlət Komitəsində vətəndaşların növbəti qəbulunda iştirak edərək Xamis Seyranov məcburi köçkünləri maraqlandıran məsələlərlə yaxından tanış olmaq imkanı qazanıb.