“İstehlakçılarla keçirilən görüşlərdə məqsədimiz sizlərin yanında olmaq, qaz təchizatı ilə bağlı üzləşdiyiniz çətinlikləri yerindəcə özünüzdən eşitmək və bu müraciətlərin Birlik rəhbərliyinə çatdırılmasında sizlərə yardımçı olmaqdan ibarətdir”.
"Unikal" xəbər veiri ki, bu sözləri SOCAR “Azəriqaz” İstehsalat Birliyinin Əsaslı tikinti şöbəsinin rəis müavini Əkrəm Əkbərli Qobustan rayonunda sakinlərlə keçirilən görüş zamanı bildirib. O, vətəndaşları qaz təchizatı ilə bağlı üzləşdikləri çətinlikləri açıq şəkildə səsləndirməyə çağırıb.
Görüşdə 20-dək sakin “Səyyar qəbul otağı”nın imkanlarından yararlanıb. Şəhid atası Arif Vəliyev ünvanladığı müraciətin birbaşa baş direktora çatdırılmasını xahiş edərək yaşadığı Sədəf kəndinin təbii qazla təmin olunmasını istəyib. Digər çıxış edənlər qapı keçidinin quraşdırılması, qaz xəttinin yerinin dəyişdirilməsi, işə qəbul, bir sıra kənd və yeni yaşayış massivlərinin qazlaşdırılması ilə bağlı müraciət ediblər. Daxil olan bütün müraciətlər qeydiyyata alınaraq Birliyin məsul şəxsləri tərəfindən cavablandırılıb, vətəndaşlara lazımi izahatlar verilib.
Məlumat üçün bildirək ki, “Açıq mikrofon” aksiyası sabah Şamaxı, dördüncü gün Ucar, cümə günü isə İsmayıllı rayonunda təşkil olunacaq.