İyunun 8-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla Çili Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rodriqo Arkosla görüşüb.
"Unikal" xəbər verir ki, Kamal Abdulla səfiri universitetdə görməkdə məmnun olduğunu bildirib. Qeyd olunub ki, ölkələr arasında olan əlaqələr inkişaf edir, yeni əməkdaşlıq münasibətləri qurulur:
“Biz Çili mədəniyyəti, ədəbiyyatı, təhsili ilə daha dərindən tanış olmağa hazırıq. Arzu edərdik ki, Çili universitetlərinin biri ilə ciddi əməkdaşlığımız başlasın. İnanıram ki, bizim sıx əlaqələrimiz yaransa, Çilidə ictimaiyyətin Azərbaycan haqqında təsəvvürləri daha da dolğunlaşacaq, eyni zamanda Azərbaycanda Çili haqqında təsəvvürlər genişlənəcək. Bizim bir sıra layihələrimiz var. Bu layihələrdən birini Çili universitetlərinin birilə həyata keçirə bilərik. Eyni zamanda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ildə iki dəfə yay və qış məktəbi layihəsini həyata keçirir. Mən çox istərdim ki, Çilidən olan tələbələr də həmin layihədə iştirak etsinlər. Əməkdaşlığımızın həm Çili, həm də Azərbaycan üçün faydası böyük olacaq”
Çili Respublikasının ölkəmizdəki səfiri Rodriqo Arkos səmimi qarşılanma üçün universitet rəhbərliyinə təşəkkürünü bildirib. Diplomat qeyd edib ki, səfirlik Azərbaycan Dillər Universiteti ilə əməkdaşlıqda, əlaqələrin dərinləşməsində maraqlıdır. Multikulturalizm istiqamətində layihələrin hər iki ölkə üçün faydalı olduğunu diqqətə çatdıran səfir, bu istiqamətdə konkret addımların atılması üçün təşəbbüs göstərəcəyini deyib: “İki ölkə arasında elmi, mədəni, siyasi əlaqələrin qurulması üçün məhz multikulturalizm istiqaməti çox yaxşı fürsətdir. Həmçinin Çilinin mədəniyyəti və ədəbiyyatının Azərbaycanda təbliği bizim üçün prioritet istiqamətdir. Bu sahədə birgə işlərimiz üçün zəruri addımlar atılacaq”.
Görüş tələbə-müəllim mübadiləsi, dillərin öyrənilməsi, elmi-mədəni əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində atılacaq addımların vacibliyi, qarşılıqlı əlaqələr və əməkdaşlıq münasibətlərinin imkanlarının müzakirəsi ilə davam edib.