Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
AQTA-dan "Unikal"a verilən məlumata görə, Agentlik əməkdaşları tərəfindən Gəncə şəhəri, Nizami küçəsi, ev 70 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Məmmədova Fidan Çingiz qızına məxsus “Nostalji” restoranında həyata keçirilmiş planlı yoxlama zamanı mal qonşuluğu prinsipinin, sanitariya norma və qaydalarının, gigiyena normativlərinin pozulduğu aşkar edilib. Belə ki, soyuducu kameralarda qida xammalı və yarımfabrikatların hazır yeməklərlə birgə saxlanıldığı, sanitar qovşağına girişin birbaşa emal və istehsal prosesləri gedən sahələrdən olduğu, mətbəxdə məişət tullantıları üçün hermetik zibil qabların quraşdırılmadığı, eyni zamanda işçi heyətin ilkin və dövrü olaraq tibbi müayinədən keçmədiyi və gigiyena qaydalarına əməl etmədən fəaliyyət göstərdiyi müəyyən olunub. Faktla bağlı sahibkar barəsində inizibati protokol tərtib edilib, pozuntuların aradan qaldırılması və müəssisənin qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə uyğunlaşdırılması barədə icrası məcburi göstərişlər verilib. Araşdırmalar davam edir.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.