İyunun 9-da Dövlət Gömrük Komitəsinin Akademiyası (DGKA) ilə “Prosol” Qapalı Səhmdar Cəmiyyəti (QSC) arasında Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib.
"Unikal" xəbər verir ki, görüşdə Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov, Akademiyanın əməkdaşları, “Prosol” şirkətinin İdarə heyətinin sədri Babək Ağayev və şirkətin nümayəndələri iştirak ediblər.
Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov qonaqları salamlayaraq onları rəhbərlik etdiyi ali təhsil müəssisəsində görməkdən məmnun olduğunu bildirib. Qulu Novruzov qonaqlara Dövlət Gömrük Komitəsinin Akademiyasının yaranması, tədris prosesi və beynəlxalq əməkdaşlıq sahəsindəki fəaliyyəti haqqında ətraflı məlumat verərək, Akademiyanın Ümümdünya Gömrük Təşkilatının (ÜGT) Regional Tədris Mərkəzi, həmçinin Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (INCU) ölkəmizdə yeganə təmsilçisi və üzvü olduğunu vurğulayıb. Kibertəhlükəsizliyin müasir dövrümüzdəki əhəmiyyətindən və bu sahədə Akademiya ilə “Prosol” şirkəti arasında əməkdaşlığın gələcək perspektivlərindən söz açan Qulu Novruzov tələbələr üçün təcrübə proqramlarının təşkili, akademik sahədə püxtələşmiş İT mütəxəssislərinin Akademiyanın tədris fəaliyyətinə cəlb edilməsi və digər maraq kəsb edən məsələlərə də toxunub. O, imzalanacaq memorandumun ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinə mühüm töhfə verəcəyini əminliklə qeyd edib.
Dövlət Gömrük Komitəsinin Akademiyasında olmaqdan məmnunluğunu bildirən “Prosol” QSC-nin İdarə heyətinin sədri Babək Ağayev Akademiyanın müxtəlif ixtisaslar üzrə yüksəkixtisaslı kadrların yetişdirilməsi istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirib. O, kibertəhlükəsizlik, kiberrisk, kibermüdafiə və kibermonitorinq xidmətləri sahəsində ixtisaslaşmış “Prosol” şirkətinin yaranma konsepsiyası və fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib. Kibertəhlükəsizlik sahəsində nəzəri biliklərlə yanaşı praktiki biliklərin önəmini vurğulayan Babək Ağayev qarşılıqlı maraq doğuran sahələr üzrə birgə fəaliyyətin hər iki tərəf üçün səmərəli olacağını əminliklə qeyd edib.
Müzakirələrdən sonra Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov və “Prosol” QSC-nin İdarə heyətinin sədri Babək Ağayev birgə əməkdaşlığa dair anlaşma memorandumu imzalayıblar.
Memoranduma əsasən, tərəflər arasında qarşılıqlı şəkildə layihə, konfrans, seminar və müzakirələrin təşkili, həmçinin tələbələrin bilik və bacarıqlarının, peşəkarlıq səviyyələrinin, dünyagörüşlərinin inkişafına dəstək göstərilməsi və s. məsələlər nəzərdə tutulub.
Görüşün sonunda simvolik hədiyyələr təqdim olunub.
Daha sonra qonaqlar Akademiyada təhsilalanlar və ixtisasartırma kurslarında iştirak edən gömrük xidməti əməkdaşları üçün yaradılan şəraitlə, həmçinin yeni qurulan linqafon kabineti, müasir texniki nəzarət vasitələri ilə təmin olunmuş auditoriyalar ilə yaxından tanış olublar.